Newscenter.az.10.04.2020. Koronavirus təhlükəsinin yaratdığı qlobal iqtisadi böhran bu gün hər bir dövlətin həm idarəetmə sisteminin düzgünlüyünü və səmərəliliyini, həm də iqtisadi gücünü və dayanıqlığını sınağa çəkməkdədir. Azərbaycan da bu sınaqla üz-üzədir. Sözsüz ki, belə bir şəraitdə dövlətimizin üzərinə düşən başlıca vəzifə ilk növbədə vətəndaşların sağlamlığını qorumaq və eyni zamanda da çevik qərarlar qəbul edərək bir tərəfdən pandemiyanın vurduğu iqtisadi zərbələrin fəsadlarını minimuma endirməkdir, digər tərəfdən isə vətəndaşların sosial rifahını təmin etməkdir.
Etiraf etmək lazımdır ki, koronavirus pandemiyası həm dünya iqtisadiyyatına, həm də Azərbaycan iqtisadiyyatına çox ciddi problemlər yaratmaqdadır. İstər Azərbaycan iqtisadiyyatı, istərsə də digər ölkələrin iqtisadi sistemləri hələ indiyə qədər bu cür ağır böhranla və təhdidlərlə üzləşməmişdi. İndi bütün dünyada misli görünməmiş iqtisadi şok yaşanır. Belə bir kritik vəziyyətdə hər bir dövlətin və hökumətin əsas vəzifəsi vəziyyətdən doğru-düzgün, effektiv çıxış yollarını tapmaqdır. Bu mənada Azərbaycan hökumətinin yaranmış ekstremal vəziyyətə çevik müdaxiləsi və social-iqtisadi sahədə atdığı addımlar doğrudan da təqdirə layiqdir.
Belə ki, Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə əlaqədar dünya bazarlarında baş verən mənfi dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mümkün neqativ təsirlərini azaltmaq üçün nəzərdə tutulan tədbirlər haqqında imzaladığı sərəncam olduqca mühüm əhəmiyyət kəsb edir. Həmin sərəncama əsasən yaradılmış İşçi Qrupun hazırladığı və hökumətin həyata keçirməyə başladığı tədbirlər hazırki situasiyaya adekvatdır və biz bu tədbirlərin müsbət nəticələr verəcəyinə tam əminik.
İstərdim ki, fürsətdən istifadə edib sözügedən tədbirləri qısaca da olsa nəzərdən keçirək. Belə ki, ilk növbədə özəl sektorda çalışan 304 min nəfər şəxsin maaşları ödəniləcək. Yeri gəlmişkən, bununla əlaqədar Prezident İlham Əliyev sahibkarlara məxsusi olaraq tövsiyyə edib ki, onlar işçiləri ixtisara salmasınlar və eyni zamanda işçilərin maaşları da verilsin. Dövlət bu məsələdə də öz köməyini əsirgəmir. Həmçinin, 290 mindən çox fərdi sahibkarlıq subyektlərinə və mikro sahibkarlıqla məşğul olan şəxslərə ayrıca maliyyə dəstəyi göstəriləcək. Bu şəxslərə maliyyə dəstəyi minimum 250 manat, maksimum isə 5000 manat nəzərdə tutulur.
Eləcə də sahibkarlıq subyektləri, özəl biznes üçün müxtəlif vergi güzəştləri və imtiyazları nəzərdə tutulur. Bu kömək hansı sahələrə şamil olunacaq? İlk növbədə sənaye, ticarət sektoru, turizm, ictimai iaşə və digər xidmət sektorları, nəqliyyat sektoru və s. Sözügedən maliyyə dəstəyi vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçiriləcək. Bu vergi ödəyicilərinin bank kreditlərinin zərərsiz və problemsiz ödənilməsinə də dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur. Bu mənada həmin kreditlərin faizlərinin ödənilməsinin bəlli bir müddətə təxirə salınması məsələsi hazırda gündəmdədir.
Əhalinin istifadə etdiyi elektrik enerjisinin illik limitinin 100 Kvts artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən imkansız ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə kömək göstərilməsinin nəzərdə tutulması, azad sərnişindaşıma fəaliyyəti sahəsinə dəstəyin planlaşdırılması, işsiz vətəndaşlarımıza 190 manat məbləğində birdəfəlik yardımların verilməsinə başlanılması da sözügedən tədbirlər planına daxildir.
Bütün bunlar bir daha onu göstərir ki, dövlət daim öz vətəndaşlarının yanındadır və Prezidentin bu addımları atmaqda məqsədi dövlət və xalq olaraq postkoronavirus dövrünə minimum itkilərlə çıxmaq, eləcə də ölkənin pandemiya böhranından sonrakı gələcək iqtisadi inkişafı üçün mümkün qədər əlverişli zəmin yaratmaqdır. İlham Əliyevin pandemiyanın yarada biləcəyi sosial-iqtisadi fəsadları gözə alaraq koronavirusun mənfi nəticələri ilə mübarizə üçün 1 milyard manat vəsait ayırması da xüsusi qeyd edilməlidir. Dövlət başçısının bu addımı önləyici tədbir kimi dəyərləndirilməlidir. Bu həm də onu göstərir ki, dövlət həqiqətən də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
“Dövlətin əsas vəzifəsi odur ki, bu ağır, çətin vəziyyətdən mümkün qədər az itkilərlə çıxaq” sözünü Prezident heç də əbəs yerə deməyib. İlham Əliyev pandemiyanın istər qonşu ölkələrin iqtisadi həyatına, istərsə də bütövlükdə dünya iqtisadiyyatına mənfi təsirlərini görür və Azərbaycan vətəndaşlarının, Azərbaycan iqtisadiyyatının bu təsirlərdən qorunması üçün atılmalı olan addımları, görüləcək tədbirləri doğru-düzgün hesablaya bilir. Bu isə dövlət başçısının praqmatikliyindən və uzaqgörənliyindən irəli gəlir. Hazırki situasiyada da hər bir dövlət başçısından ilk növbədə məhz bu xüsusiyyətlər tələb olunur.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri