Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şuranın bəyanatı qərəzlidir



Newscenter.az.11.04.2020. Əli Kərimli və onun “xaç ata”lıq etdiyi Milli Şura həmişəki kimi yenə də öz köhnə ampluasındadır. Əli Kərimlinin sosial şəbəkə paylaşımlarına və Milli Şuranın bəyanatlarına nəzər yetirəndə təəssüf edirsən ki, bu insanlar nə həyatda, nədəki siyasətdə qara rəngdən başqa heç bir rəng tanımırlar. Bunlar Azərbaycan reallıqlarını yalnız və yalnız qara rəngdə və qorxunc çalarlarla təqdim etməyə bir növ vərdiş ediblər. Məqsədləri də həm bunlara inanan bir qrup radikal ovqatlı siyasiləşmiş kəsimdə, həm də beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, Azərbaycan haqqında yanlış rəy formalaşdırmaqdır. AXCP sədri Əli Kərimlinin son paylaşımları və Milli Şuranın məlum bəyanatı da məhz buna xidmət edir. Hətta adından da görünür ki, Milli Şuranın bəyanatı nə qədər qərəzlidir. Bunlar adını “Koronavirus dövründə Azərbaycan hakimiyyətinin ölkədə siyasi repressiyanı gücləndirməsi ilə bağlı Milli Şuranın bəyanatı” qoyduqları söz yığınında həmişə olduğu kimi yenə də faktları mümkün olduğu qədər təhrif etməyə çalışıblar.

Belə ki, Əli Kərimlinin köməkçisi və “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin polislər tərəfindən saxlanılmasını və aprelin 9-da Bakı şəhər Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbsə məhkum edilməsini, AXCP-nin daha bir fəalı, Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovun Bakı şəhər Nərimanov rayon məhkəmənin qərarı ilə 30 sutka inzibati həbsə məhkum olunmasını, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının funksionerləri Şakir Məmmədov və Vəfadar Əliyevin saxlanılaraq, İXM-in (İnzibati Xətalar Məcəlləsi) 535-ci maddəsi - polisə müqavimət maddəsi ilə müvafiq qaydada 15 və 30 sutka müddətinə inzibati həbsə məhkum edilmələrini, eləcə də Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun və digərlərinin inzibati xətalar zəminində və ya karantin qaydalarını pozduqlarına görə həbs olunmalarını Azərbaycan hakimiyyətinin ölkədə koronavirusla mübarizə çərçivəsində müxalifətə qarşı yeni repressiya başlatması kimi, müxalifətçilərə, ictimai fəallara qarşı təqib-təzyiqlərin gücləndirilməsi kimi dəyərləndiriblər. Amma aydın məsələdir ki, bütün bunlar əsassız və ittihamlardan başqa bir şey deyil. Radikal müxalifətin rəhbərləri nəinki karantin qaydalarını pozanları, hətta xırda xuliqanlıq zəminində həbs edilən üzvlərini də az qala siyasi məhbus kimi, vicdan məhbusu kimi təqdim etməyə çalışırlar.

Biz AXCP və Milli Şuranın başında duran falsifikatorları hər şeyi siyasiləşdirmək cəhdlərindən əl çəkməyə çağırırıq. Bu qədər kinli və qərəzli olmaq heç də yaxşı bir şey deyil. Koronavirus pandemiyası kimi qorxunc bir bəlanın bu gün hər kəsi (iqtidar və ya müxalifət mənsubu olmasına fərq qoymadan) təhdid etdiyi bir məqamda AXCP və Milli Şuranın liderlərinin öz köhnə ədavət və vərdişlərindən əl çəkə bilməmələri dərin təəssüf hissi doğurur. Azərbaycan hakimiyyətini koronavirusdan sui-istifadə etməkdə və AXCP fəallarını həbs etmə əməliyyatını tam gücü ilə davam etdirməkdə ittiham edən Əli Kərimli və onun yandaşları ilk növbədə elə özləri koronavirusdan mövcud iqtidara qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Özü də onlar bunu bilməyərəkdən yox, bilərəkdən, şüurlu şəkildə, planlı şəkildə edirlər. Bu da heç şübhəsiz ki, onların təfəkkürcə makiavellist olmalarından irəli gəlir. Yəni ki, “rəqibinə qarşı bütün mübarizə üsullarından (hətta mənəviyyata zidd üsullardan da) istifadə etmək olar” devizi bunların əsas mübarizə prinsipidir.

Amma hər şeyə rəğmən, biz bir daha hər kəsi qapımızı kəsdirən pandemiya təhlükəsi qarşısında yersiz iddialardan, ittihamlardan, düşmənçilikdən əl çəkməyə, bütün azərbaycanlıları bu çətin günlərdə həmrəy olmağa çağırırıq. İqtidar mənsubu olmaq heç kəsi məsuliyyətli olmaqdan azad etmədiyi kimi müxalifətçi olmaq da heç kimə karantin qaydalarına xor baxmağa, bu qaydaları pozmağa əsas vermir. Müxalifətçi olmaq dərəbəylik demək deyil. Əsl müxalifətçi ümumi ictimai qaydalara saymazyana yanaşması ilə yox, nümunəvi vətəndaş olması ilə diqqətləri cəlb etməli, ictimai rəydə müsbət imic qazanmağa çalışmalıdır. Milli Şura hakimiyyəti hədələməkdənsə, öz fəallarının ictimai davranış qaydaları ilə məşğul olsa yaxşıdır. Öz qüsurlarını görə bilməyən müxalifət iqtidardan ideallıq tələb edə bilməz.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş