Newscenter.az.13.04.2020. Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır.
“Report” Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Bildirilib ki, vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonq mərkəzli “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.
Məlumata görə, koronavirusun vaksini hazırlanması 2021-ci ilədək çəkə bilər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 866 000-i ötüb. Bunların 434 054 nəfəri sağalıb, 115 269 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.