Newscenter.az.15.04.2020. Azərbaycanın müstəqil dövlətdir və həm siyasi, həm iqtisadi sahədə, eləcə də sosial məsələlərin həlli istiqamətində heç kimdən asılı deyil. Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır və biz bunu məlum bəla zamanı aydın gördük. Koronavirus epidemiyasının bütün dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı halda, Azərbaycan öz gücü ilə amansız xəstəliyin fəsadları ilə inamla mübarizə aparır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, mövcud şəraitdə atdığı addımlar xalqın, dövlətin maraqlarına uyğundur.
Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
K.Nurullayeva Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Deputat diqqətə çatdırıb ki, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün əhali arasında maarifləndirmə tədbirləri aparılıb, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdə olan Azərbaycan vətəndaşları dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 18 xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib. Azərbaycanda operativ şəkildə və qısa zaman kəsiyində tibbi ləvazimatların istehsalı təşkil olunub.
Deputat qeyd edib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev mövcud məhdud şərtlərdə iqtisadi inkişafımızın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də tövsiyələrini və göstərişlərini verdi. Bildirdi ki, yeni gəlir mənbələri aşkar edilməlidir, ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması mühüm şərtlərdəndir. Azərbaycan Prezidenti qeyd etdi ki, 2020-ci il də sosial, siyasi islahatlar ili olacaq. Bu günə qədər həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir, bu da islahatların davamlılığını zəruri edir.
Azərbaycan dünyanın ən nüfuzlu platformalarında təmsil olunduğunu diqqətə çatdıran K.Nurullayeva bildirib: “Azərbaycan artıq 10 ildən artıqdır ki, dünyanın ən nüfuzlu beynəlxalq platformalarından olan Davos Ümumdünya İqtisadi Forumunda təmsil olunur. Bu Forumda iştirak ölkəmizə böyük iqtisadi və siyasi dividentlər gətirir. Davos Forumunda çoxlu sayda hökumət və dövlət başçıları, dünyanın nəhəng şirkətlərinin rəhbərləri iştirak edir. Forum çərçivəsində beynəlxalq biznes ictimaiyyəti, digər ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxsləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilir.
Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə mövzusunda panel müzakirələrdə tarixi faktlara əsaslanan çıxışını bütün dünya izlədi. İzlədi və gördü ki, Ermənistan və rəhbərləri ağ yalan danışırlar. Prezidentin tarixi çıxışı ermənilərə dərs oldu və təcavüzkar ölkənin əsl simasını dünyaya açıb göstərdi”, – deyə deputat vurğulayıb.