Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiyaların qeydə alınması dövlət maraqları baxımından da çox önəmlidir



Newscenter.az.16.04.2020. Bu gün Ədliyyə Nazirliyi tərəfindən iki siyasi partiyanın dövlət qeydiyyatına alınması xəbərini siyasətdə təmsil olunan bir şəxs kimi olduqca xoş qarşıladım. Əlbəttə, sözügedən hər iki partiyanın - Yeni Zaman Partiyası və Azad Demokratlar Partiyasınının siyasi mövqeləri həm bir-birindən, həm də bizim siyasi kursumuzdan fərqli ola bilər, amma bütün hallarda mən onların dövlət qeydiyyatına alınmasını günün ən önəmli siyasi hadisələrindən biri hesab edirəm. Dövlət qeydiyyatına alınmaqla bu partiyalar rəsmən ölkənin siyasi həyatına daxil olmaq imkanı və siyasi proseslərin bir parçası olmaq üçün vəsiqə qazanmış oldular. Mən onların qeydiyyata alınmasını alqışlayır və hər iki partiyanın sədrlərini, üzvlərini təbrik edirəm.
Nəzərə alsaq ki, son 5 ildə hər hansı siyasi partiya dövlət qeydiyyatına alınmayıb, bu gün Ədliyyə Nazirliyi tərəfindən bu iki partiyanın sədrinə qeydiyyat haqqında sənədin təqdim edilməsi həqiqətən də mühüm siyasi hadisə hesab edilə bilər. Beləliklə, artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış 57 siyasi partiya fəaliyyət göstərir.

Yeni partiyaların qurulması və ya dövlət qeydiyyatına alınması nə üçün önəmlidir? Biz bu hadisəyə ilk növbədə ölkədə demokratiya və siyasi plüralizmin təmin edilməsi nöqteyi-nəzərindən yanaşmalıyıq. Siyasi meydanda rəngarəngliyin bərqərar olması, alternativlərin mövcud olması məhz partiyaların varlığı ilə müəyyən olunur. Siyasi partiyaların çoxluğu və müxtəlifliyi seçicilərə, siyasi fəallara yeni tərcih imkanları yaradır, öz düşüncələrini və hədəflərini həyata keçirə biləcək məkan, platforma tapmağa kömək edir.

Partiyaların qeydə alınması dövlət maraqları baxımından da çox önəmlidir. Əgər bir ölkədə siyasi partiyalar heç bir bürokratik əngəllər olmadan, siyasi qısqanclıq və ya diskriminasiya olmadan, çox rahat bir şəkildə dövlət qeydiyyatına alınırsa, bu eyni zamanda həmin ölkədə demokratiyanın və hüquqi dövlət prinsiplərinin nə dərəcədə oturuşmasının göstəricisi, indikatoru sayılır. Bu həm də demokratik imic məsələsidir. Ədliyyə Nazirliyinin bu gün bu iki partiyanı qeydə almasına da məhz bu prizmadan yanaşmalıyıq. Bu hadisə dövlətin və hökumətin fərqli fikirlərə, alternativ siyasi mövqelərə hörmətlə yanaşmasının əyani sübutudur.
Bu gün Azərbaycan hökuməti ölkədə siyasi plüralizmin, demokratiya və siyasi azadlıqların təmin olunması üçün bütün siyasi qurumlara bərabər imkanlar yaratdığını və siyasi partiyalarla münasibətlərini sivil qaydalar üzərində qurmaq istəyini bir daha ortaya qoyur. Ölkədə yeni siyasi vəziyyət yaranırır, siyasi qüvvələr və dövlət münasibətlərinin yeni konfiqurasiyası formalaşır. Bunu Prezident İlham Əliyev də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə çıxışı zamanı bir daha qeyd etdi.

Mən əminəm ki, bu gün qeydiyyata alınmış partiyalar da öz növbəsində ölkənin siyasi həyatında baş verən bu müsbət prosesləri adekvat qiymətləndirəcək və proseslərin fəal iştirakçısına çevriləcəklər. İndi ölkədə siyasi institutların daha da oturuşması üçün, siyasi cəhətdən aktiv olan vətəndaşlarımızın yad qüvvələrin maraqlarına deyil, Azərbaycanın maraqlarına xidmət etməsini təmin etmək üçün, cəmiyyətin siyasi proseslərə qoşulmasında fəal rol almaq üçün partiyaların qarşısında olduqca geniş imkanlar açılıb. Həmçinin, ölkədə siyasi dialoq mühitinin formalaşması, iqtidar-müxalifət münasibətlərinin konstruktiv əsaslar üzərində qurulması üçün proseslərə təkan verilib. Bir sözlə, siyasi partiyalar üçün dövlət və hakimiyyət tərəfindən yeni-yeni imkanlar yaradılır. Siyasi partiyalar ölkənin siyasi proselərinin aktiv iştirakçısına çevrilmək şansı qazanırlar. İndi hər bir siyasi partiya üçün özünütəsdiq imkanı yaranır. Bunu yüksək qiymətləndirmək lazımdır. Dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanılması üçün, Azərbaycanın dünyadakı müsbət siyasi imicinin formalaşdırılması üçün, “beşinci kolon”a qarşı mübarizə aparmaq üçün, Qarabağ probleminin həlli prosesində dövlətimizin siyasətinin dəstəklənməsi üçün hər bir siyasi partiya öz töhfələrini verə bilər. Bir sözlə, indi sözdən əməli işə keçmək zamanıdır. Pafoslu sözlərlə görüntü yaratmağın zamanı artıq geridə qalıb. Bundan sonra hər bir partiya cəmiyyət tərəfindən məhz gördüyü işlərinə görə, real fəaliyyətinə görə qəbul olunacaq.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş