Newscenter.az.18.04.2020. Aprelin 17-də Prezident İlham Əliyevin nazirlərlə daxili videokonfrans zamanı karantin rejiminin uzadılmasının zəruriliyi barədə səsləndirdiyi fikirlər bir daha dövlət başçısının Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə sahəsində görülən işləri intensiv nəzarətdə saxladığını və eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində pandemiya ilə bağlı prosesləri diqqətlə izlədiyini göstərdi. Prezident öz mövqeyini kifayət qədər tutarlı arqumentlərlə əsaslandırdı və bundan sonra atıla biləcək addımların anonsunu verdi. Belə ki, dövlət başçısı qeyd etdi ki, “istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmirik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin dövrünə daha hazırlıqlı olaq”. Prezidentin bu sözləri onun hazırki situasiyanı tamamilə düzgün dəyərləndirdiyini və eyni zamanda yaxın perspektivdə proseslərin hansı məcrada inkişaf edəcəyini uzaqgörənliklə proqnozlaşdırdığını nümayiş etdirir. Ümumiyyətlə, İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə fəallığı və effektivliyi ilə seçilən liderlərdən biridir.
Sözügedən videokonfransda İlham Əliyev İqtisadiyyat nazirinə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə xitabən bildirdi ki, bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Prezident həm də bu tapşırıqların və bundan sonra görüləcək tədbirlərin əsas qayəsini nazirlərin diqqətinə çatdırdı:”Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir”. Gördüyümüz kimi dövlət başçısı bu fikirləri ilə həm dövlətin prioritetlərini bir daha hər kəsin diqqətinə çatdırmış oldu, həm də pandemiyanın davam etdiyi dövrdə hökumətin səmərəli fəaliyyət göstərməsi üçün “yol xəritəsi”ni cızdı. İnsanların sağlamlığını və iqtisadi fəallığı paralel şəkildə qoruyub saxlamaq ölkə rəhbəri tərəfindən proseslərə ən düzgün və optimal yanaşma nümunəsidir.
Koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlərin icrası və postkarantin dövrünə hazırlıq istiqamətində sosial-iqtisadi məzmunlu işlərin görülməsi bundan sonra da davam etdiriləcək. Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində həm vətəndaşların sağlamlığını və rifahını, həm də ölkənin iqtisadi fəallığını qorumaq vəzifəsini paralel surətdə uğurla həyata keçirən az sayda ölkələrdən biridir. Bu da müsbət bir haldır ki, Azərbaycanda pandemiya əleyhinə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndirilir və ÜST-ün rəhbəri öz çıxışlarında Azərbaycanı digər ölkələrə də nümunə göstərir. Çünki Azərbaycanda yoluxanların, dünyasını dəyişənlərin sayının az olmasının əsas səbəbi hökumətin pandemiyaya qarşı mübarizə tədbirlərinə, önləyici addımlara vaxtında start verməsidir. Son iki ay ərzində pandemiyanın əhalinin sosial durumuna mənfi təsirlərinin minimallaşdırılması üçün görülən operativ tədbirlər ölkəmizdə sosial siyasətin effektivliyini göstərir. Bu gün bir çox sadə vətəndaşlarımız tərəfindən Prezidentə yazılan təşəkkür məktubları və ismarıcları da koronavirus pandemiyasının fəsadlarına qarşı dövlətin gördüyü işlərə ictimai dəstəyin ifadəsidir.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri