Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı bu cür humanist davranışları ilə müxalifətə görüş əlini uzadır



Newscenter.az.22.04.2020. Siyasət adamlarının demək olar ki, bütün vaxtı xəbərlərlə əlaqəli şəkildə və yaxud xəbər prosesinin bilavasitə içində keçir. Karantin günlərində isə ümumiyyətlə, hamımız xəbərlərə köklənmişik. Koronavirus pandemiyası ilə bağlı xəbərlər hamımızı müəyyən dərəcədə gərginlikdə saxlayır. Belə bir həssas dönəmdə televiziya ekranından və yaxud xəbər saytlarından hər hansı bir xoş xəbər eşitmək istər-istəməz hər birimizdə şən əhval-ruhiyyə, müsbət emosiyaların yaranmasına səbəb olur. Bu gün KİV-lərdən eşitdiyim bir hadisə də ovqatımı bir xeyli yaxşılaşdırdı. Belə ki, səhhətində yaranmış çox ciddi problemlər ucbatından çıxılmaz vəziyyətə düşən Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərclərini Prezident İlham Əliyev öz üzərinə götürübmüş. Mən bu xəbəri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclunun Prezidentə yazdığı təşəkkür məktubundan öyrəndim. O da məlum oldu ki, Əhməd Orucun həyatı üçün yaranmış təhlükə artıq sovuşub və onun sağlıq durumu hazırda qənaətbəxşdir. Mən bu xəbərə görə gerçəkdən də çox sevindim.

Dövlətimizin, dövlət başçımızın bir siyasət adamına, bir müxalifət liderinə və ən nəhayət, sadəcə bir vətəndaşına bu cür qayğıkeşliklə sahib çıxmasından gözəl nə ola bilər ki? Bu xəbəri eşidəndə insanın içində istər-istəməz öz dövlətinə güvən hissi artır, dövlətlə vətəndaş arasında inam, etimad körpüsü daha da möhkəmlənir. Prezident İlham Əliyevin sırf humanist prinsiplərdən çıxış edərək, sözügedən partiya sədrinin müxalif mövqeyini əsla nəzərə almadan, bu məsələni tam təmənnasız şəkildə öz nəzarətinə götürməsini və bütün müalicə xərclərinin dövlət tərəfindən qarşılanmasına göstəriş verməsini yalnız və yalnız alqışlamaq olar. Mən Prezident İlham Əliyevə də, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya da istər siyasət adamlarının, istər mədəniyyət xadimlərimizin, istərsə də alimlərimizin və jurnalistlərimizin çətin anlarında onlara həyan durmalarına, dəstək və qayğı göstərmələrinə görə təşəkkür edirəm. Prezident və Birinci vitse-prezident bu cür nəcib addımları ilə, ehtiyacı olan şəxslərə yardım etməyə tələsmələri ilə sözün yaxşı mənasında xoş nümunə yaradırlar, yeni ənənələrin əsasını qoyurlar.

İnsanların hansı əqidənin daşıyıcısı olmasına, hansı siyasi mövqedə durmasına fikir vermədən, onların səhhətindəki problemlərin aradan qaldırılması üçün xüsusi diqqət və qayğıkeşlik göstərməyin özü də bir siyasi mədəniyyətdir. Biz eyni halı, eyni münasibəti bir müddət bundan öncə hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanması zamanı da müşahidə etmişdik. Həmin vaxt Birinci vitse-prezident tərəddüd etmədən sözügedən hüquq müdafiəçisinin bütün müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyi barədə göstəriş vermişdi. Müstəqil Azərbaycanımızda mərhəmət və şəfqət örnəkləri, humanizm ənənələri, qərəzsiz siyasi davranış nümunələri bax bu cür yaradılır. Həm də ölkə rəhbərliyi səviyyəsində, Prezident və Birinci vitse-prezidentin bilavasitə iştirakı ilə yaradılır. Mən eyni zamanda bunu siyasi həmrəylik nümunəsi, siyasi dialoq üçün zəmin kimi də dəyərləndirərdim. Dövlət başçısı bu cür humanist davranışları ilə müxalifətə görüş əlini uzadır, onları yeni siyasi təfəkkür nümayiş etdirməyə səsləyir. İlham Əliyev bir daha açıq və net olaraq mesaj verir ki, siyasi rəqabətdə kinə, düşmənçiliyə yer yoxdur. Azadlıq Partiyasının rəhbərinin müalicəsinin dövlət başçısı tərəfindən birbaşa nəzarətə götürülməsi faktı da ölkədə sivil siyasi münasibətlərin formalaşdırılmasına xidmət edir. Mən Əhməd Oruca "keçmiş olsun" deyirəm və cənab Prezidentin bu addımını da təqdirə layiq addım kimi qiymətləndirirəm.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş