Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müsabiqələr onlayn şəkildə davam etdiriləcək



Newscenter.az.22.04.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdiriləcək.

Newscenter.az xəbər verir ki, xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq, məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə keçirilən müsabiqələr BŞTİ-nin 20.02.2020-ci il tarixli F-72 və 21.02.2020-ci il tarixli F-75 nömrəli əmrlərinə əsasən təşkil olunub.

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsində iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-VIII sinif şagirdləri yalnız ev şəraitində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından birini ifa edə bilərlər. İştirakçılar telefon və ya evdə olan digər vasitələrlə səs yazısını qeydə alaraq, 2 may 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 "Whatsapp" nömrəsinə göndərə bilərlər. İştirakçılar səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və ifa etdiyi mahnının adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya "Whatsapp" nömrəyə göndərməlidirlər.

“Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa kateqoriyası üzrə onlayn təşkil olunur. Xor kollektivi kateqoriyası üzrə müsabiqə isə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra keçiriləcəkdir.

İştirakçılara ifaçıların repertuarında daha az rast gəlinən Azərbaycan uşaq mahnılarına müraciət etmələri tövsiyə olunur.

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən, solo ifa kateqoriyası üzrə 3 şagird (1 şagird-I yer, 1 şagird-II yer, 1 şagird-III yer) BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

“Oxu və əylən!” müsabiqəsində iştirak etmək arzusunda olan BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri uşaq ədəbiyyatını əhatə edən 3 kateqoriyadan – təmsillər, hekayələr və nağıllardan birini seçməlidirlər. İştirakçılar obrazlı şəkildə təqdim etdikləri nümunələri yalnız ev şəraitində telefon və ya evdə olan digər vasitələrlə səs yazısı kimi qeydə alaraq, 2 may 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 "Whatsapp" nömrəsinə göndərə bilərlər. İştirakçılar səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya "Whatsapp" nömrəyə göndərməlidirlər.

Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır. Qeyd olunan müddətdən artıq olan səs yazıları müsabiqədə iştirak üçün məqbul hesab edilməyəcək. Müddət nəzərə alınmaqla və məzmunu qorumaq şərtilə səsləndirilən əsərin mətnində müvafiq ixtisarlar aparmaq mümkündür. Əsərin səsləndirilməsi düzgünlük, sürət, şüurluluq, ifadəlilik kimi tələblərə cavab verməlidir.

“Oxu və əylən!” müsabiqəsin final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumi təhsil məktəbi BŞTİ tərəfindən mükafatlandırılacaq.
Xəbəri paylaş