Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Əhmədov: “Əli Kərimli siyasi əxlaq normalarını birdəfəlik unudub”



Newscenter.az.23.04.2020.
“Bütün dünya bu gün koronavirus pandemiyası həyacanını yaşayır. Neft ixrac edən dövlətlərdə eyni zamanda neftin qiymətinin pandemiya səbəbindən kəskin şəkildə düşməsi narahatlıqla müşahidə olunur. Əvvəllər aktual olan bir çox, bəlkə də əksər problemlər istisnasız olaraq hər bir ölkənin hökumətinin gündəliyindən çıxarılıb. İndi siyasətlə məşğul olmaq, siyasi piar qurmaq planları ən azından adi əxlaq normaları baxımından sanki qəbahət sayılır. Xəbərlər proqramlarından, adət etdiyimiz siyasi mövzuların büsbütün yox olması dediyimizin bariz ifadəsi hesab oluna bilər”.

Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra Katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, dünyada müşahidə olunan, haqqında söhbət açdığımız ümumi mənzərədən bir istisna da var: “Nə qədər qəribə də olsa “milli şura” adlandırılan qruplaşmanın ətrafında birləşənlər hamının və hər kəsin pandemiya narahatlığını yaşadığı, bütün səylərin və diqqətin qorxulu xəstəliyin qarşısının alınmasına yönəldiyi indiki həssas məqamdan sırf siyasi məqsədlər naminə faydalanmaq xülyasına düşüblər. Əslində, onların müəyyən problemlər və ya çətinliklər yarandıqda fəallaşması yeni hadisə deyil, bəlkə də adət və ya xislətdir. Dünya bazarında neftin qiyməti aşağı düşən kimi o insanların dərhal “canlanmasının” dəfələrlə şahidi olmuşuq. İzaha ehtiyacı yoxdur ki, neft ixrac edən hər bir ölkədə enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə enməsi nə dövlətin, nə hökumətin, nə də insanların marağına uyğun deyildir. Hər kəsin buna hansısa formada məyus olmasını və adekvat formada reaksiya verməsini başa düşmək çətin deyil. Yalnız yuxarıda qeyd etdiyimiz “milli şuranın” ətrafında toplaşanların hərəkətləri hər cür sağlam əsaslardan məhrumdur. Deməli, xalqın mənafeyi anlayışı onlara nəinki tamam yaddır, onlar hətta xalqı narahat edən nə varsa ondan həzz almaq kimi xoşagəlməz xislətə belə sahibdilər. Elə bu səbəbdən də haqlı olaraq həmin adamlara düşmən damğası vurulub.

İkincisi isə, onlar normal siyasətçiyə heç bir halda başucalığı gətirməyən, yumşaq şəkildə desək, fürsətçilik xüsusiyyətinə malikdirlər. Xalq arasında belə hərəkətlərin daha dəqiq adı var: namərdlik”.

YAP rəsmisi bildirib ki, dünyanın hər yerində hökumətlərin fəaliyyəti əhalinin sağlamlığının qorunması, yaranmış vəziyyətlə əlaqədar insanların sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın böhrandan xilas edilməsi kimi həyati problemlərin həllinə yönəlib: “Bu mənada Azərbaycan hökuməti də istisna təşkil etmir. Bütün diqqət və imkanlar pandemiyanın və onun yaratdığı çətinliklərin aradan qaldırılmasına yönəlib. Uğurlar, müsbət nəticələr də göz qabağındadır. Bunu görməmək və etiraf etməmək üçün insan ədalət hissini yerli-dibli itirmiş olmalıdır. Lakin görünür “milli şuranın” ətrafında toplaşanlar, ələlxüsus Əli Kərimli ədalət hissini və siyasi əxlaq normalarını birdəfəlik unudublar. Belə olmasaydı ənənəvi olaraq yaxşı bacardıqları yalan, böhtan, iftira kampaniyasını heç olmasa indiki həssas günlərdə işə salmazdılar. Lakin onlar nəinki eybəcər vərdişlərindən əl çəkdilər, hətta bir az da qabağa getdilər. Əli Kərimlinin son günlərdə sosial şəbəkələrdə guya təqib edilməsi, internetə çıxışına maneələr törədilməsi, tərəfdaşlarının xüsusi karantin rejiminin pozulması adı altında inzibati məsuliyyətə cəlb olunması kimi sui-qəsd nəzəriyyələrinə yeni mövzu ola biləcək cəfəng uydurmaları ilə tanış olduqda istər – istəməz adamın başının döndüyü (damının tərpəndiyi) qənaətinə gəlməyə bilmirsən. Adamda sanki bir əlahiddəlik xəstəliyi yaranıb, hərçənd ortada belə bir xəstəliyin yaranmasına səbəb ola biləcək heç nə yoxdur.

Əvvəldə qeyd edildiyi kimi, koronavirus pandemiyası şəraitində siyasət, siyasi rəqabət, siyasi piar və s. kimi anlayışlar və proseslər dünyanın gündəmindən, müvəqqəti də olsa, çıxarılıb. Hətta qanlı münaqişələrə, bəşəriyyətin rahatlığını pozan məlum müharibələrə ara verilib. Ancaq dünyanın hazırkı mənzərəsinə uyğun olmayan və bu mənada haqlı olaraq ikrah hissi yaradan iki nümunə diqqət cəlb edir. Bunun biri qondarma “Dağlıq Qarabağ Respublikasında” separatçı rejimin keçirdiyi saxta seçkilərdir. Həmin seçkilərin hansı effekt yaratdığından danışmağa dəyməz. Digər ölkələr bir yana qalsın, hətta separatçı rejimin həqiqi sahibi olan Ermənistanın “seçkiləri” izləmək üçün müşahidəçilər göndərməkdən imtina etməsi indiki şəraitdə onun nə qədər yersiz və eybəcər olduğunu sübuta yetirir. İkinci eybəcər nümunə isə “milli şuranın” pandemiya ilə elliklə, hamılıqla həqiqi mənada mücadilə aparıldığı zamanda siyasi piar davası aparması, fürsətdən faydalanmağa çalışmasıdır. Bu insanların xalqla bir olmağını, əslində isə, xalqın maraqlarına düşmən kəsildiyini pandemiyanın yaratdığı həssas məqamdan öz məqsədləri naminə xəyanətkarcasına istifadə etmək cəhdlərindən daha yaxşı heç nə üzə çıxara bilməzdi. Belə halda deyiblər: xain xəyanət əməli üstündə yaxalandı”.
Xəbəri paylaş