Newscenter.az.26.04.2020. “Qanunda karantin rejimində də deputatlara hərəkət sərbəstliyi verilməsindən faydalanaraq Ramazan ayının ilk günü Tərtərin ondan artıq kəndində olduq və onlarla ailəyə baş çəkdik”.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Sahib Alıyev verib:
“Öncə bu çətin günlərdə yenə də tərtərlilərdən qayğısını əsirgəməyən Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hansı kəndə getdiksə, orada sosial baxımdan həssas olan ailələrə Heydər Əliyev Fondunun ərzaq bağlamaları göndərdiyini dedilər. Cənab Prezidentin vurğuladığı bizim o birlikdə güclülüyümüzü yerində duymaq və gücün yetdiyi qədər də duyurmaq doğrudan da gözəl duyğudur. Və Tərtərdə başqa rayonda çalışan bir nəfəri çıxmaqla ( o da artıq sağalıb) heç kimin koronavirus(COVID-19)a yoluxmaması, bunun baş verməməsi üçün yerli səviyyədə də gərəkən bütün addımların atılması xoş təəssürat yaratmaya bilməz”.
Millət vəkili qeyd edib ki, səfər zamanı Tərtər Rayon İcra Hakimiyyətinin məsul təmsilçisi Elvin Umudovla hazırda erməni girovluğunda saxlanan Şahbaz Quliyevin anası Sənəm xanımla da görüşüblər:
“Sənəm xalanın yaşının çoxluğunu və xəstəliyini nəzərə alaraq doğmaları Şahbazın başına gələnləri gizlədir, ona oğlunun Rusiyada olduğunu söyləyirlər. Biz də ana ürəyi sevinsin deyə apardığımız sovqatı Şahbazın göndərdiyini bildirdik. Və necə bir özləm gördük. Sadəcə onu deyim ki, təkcə oğlunu girovluqda saxlayanlar yox, insan haqları adından alver edən, azadlıqdan, demokratiyadan dəm vuran, adları beynəlxalq, özləri bəlli çevrələrə bağlı qurumlar var ha, onlar da bu anamızdakı özləm qədər nifrətə və lənətə haqq edirlər. Artıq sayı bir milyon 300 minə çatan azərbaycanlı qaçqın və köçkünə yurd həsrəti yaşadan, bu həsrətə son qoymaq istəyənləri də Dilqəm Əsgərovla, Şahbaz Quliyev kimi tutub zindana atan, terroru və etnik təmziləməni özlərinin dövlət siyasəti edən hay rejiminin mahiyyəti aydındır. Bu, bir nasist rejimdir. Azərbaycanda karantin rejimini pozduğuna görə kimsə tutulanda insan haqları deyərək bar-bar bağıranların, hay nasistlərinin bu qədər azərbaycanlının başına gətirdikləri vəhşiliklərə göz yummalarının adı nədir bəs?”.
Mehman