Newscenter.az.27.04.2020. AMEA İnformasiya Texnologiyaları İnstitutu öz fəaliyyətini Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirir.
Bu barədə Newscenter.az-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, xüsusi karantin rejimində bütün sahələrdə olduğu kimi, elmi fəaliyyətin həyata keçirilməsində də informasiya-kommuniasiya texnologiyaları xüsusi rol oynyır. Akademik belə bir şəraitdə İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən, AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq, e-mail, veb-portallara xidmət, cloud computing və s.) ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin üzərinə xüsusi missiya düşdüyünü vurğulayıb:
“AzScienceNet həmçinin ölkəmizin elm və təhsil müəsissələrinin GEANT (Avropanın Elm və Təhsil şəbəkəsi) təşkilatına inteqrasiyasını, Mill GRİD Mərkəzinin dünyanın qabaqcil elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir”.
R.Əliquliyevin bildirdiyinə görə, AzScienceNet-in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi ücun institutun əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. İşçi qrup növbətcilik prinsipi əsasında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin faliyyətinə texniki dəstək göstərərir.
İnstitut direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumda hazırda idarəetmə məsələləri onlayn rejimdə həyata keçirir, İnternet üzərindən müşavirələr, elmi seminarlar keçirir, məsləhətləşmələr aparılır.
R.Əliquliyevin sözlərinə görə, xüsusi karantin rejimində institutda elmi fəaliyyət əməkdaşlar tərəfindən ev şəraitində qəbul olunmuş fəaliyyət planına uyğun olaraq, tam həcmdə həyata keçirilir:
“İnstitut əməkdaşları 4-cü sənaye inqilabı, Bıg Data analitikası və Data Mınıng problemləri, informasiya təhlükəsizliyi, süni intellekt texnologiyaları, Cloud texnologiyaları, proqram mühəndisliyi, e-elm və elmmetriya, elektron dövlət, elektron tibb, elektron təhsil, informasiya və bilik iqtisadiyyatı kimi prioritet istiqamətlər üzrə elmi fəaliyyətlərini davam etdirirlər. I rübdə elmi tədqiqatlarla bağlı qarşıya qoyulan vəzifələr, o cümlədən qrant layihələri çərçivəsində olan işlər, əsasən, yerinə yetirilmişdir. Əldə olunan elmi nəticələrin əks olunduğu məqalə və tezislər dünyanın bir sır nüfuzlu jurnallarına və konfranslarına təqdim olunmuş, bəziləri artıq çapa qəbul edilmişdir”.
Akademik institutun dövri elmi nəşrləri olan “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəaliyyətinə də toxunub:
“Jurnalların redaksiya heyəti də öz işlərini onlayn rejimdə davam etdirir, məqalələrin təqdim edilməsi, ekspert rəyindən keçirilməsi, çapa hazırlanması prosesləri normal qaydada həyata keçirilir. Hər iki jurnala təqdim edilən məqalələrin sayı və keyfiyyəti deməyə əsas verir ki, onların növbəti sayları qrafik üzrə, vaxtında dərc olunacaq”.
R.Əliquliyev qeyd edib ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur. Belə ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant qaydada elmi-pedaqoji təcrübə keçirlər. İnstitutunun magistraturasında, ümumilikdə, 3 ixtisas - “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.
İnstitutun rəsmi veb-saytının - www.ikt.az-ın istismarının da məsul əməkdaşlar tərəfindən ev şəraitində həyata keçirildiyini deyən alim, saytın operativ olaraq zəruri kontentlə təmin olunduğunu vurğulayıb.