Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "XX əsr Azərbaycanının taleyinə inqilablar, çevrilişlər, müharibələr, repressiyalar yazıb"



Newscenter.az.28.04.2020. Tarix, XX əsr Azərbaycanının taleyinə inqilablar, çevrilişlər, müharibələr, repressiyalar, işğal, soyqırım, qaçqınlıq, köçkünlük kimi səhifələr yazıb. Bu səhifələrin hər birində Azərbaycan xalqının qanlı yaddaşı yaşayır. Bu səhifələrin hər birində Azərbaycan xalqının haqsız axıdılan qan izləri var...

Bu səhifələrin hər birindən Azərbaycan xalqının igid oğulları, onların yarım qalmış arzuları boylanır...

Bu gün 28 aprel, Azərbaycanın Rus ordusu tərəfindən işğalının 100-cü ilidir. Tam 100 il bundan öncə, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, bu Cümhuriyyətin ideyaları, idealları məhv edildi, yox edildi. Bu Cümhuriyyətin qurucuları, onların ailələri sürgünlərə, ən dəhşətli məhrumiyətlərə məruz qaldılar... Düşünən beyinlər, milli ruh təzyiqlər altına düşdü... Bizi yox etməyə çalışdılar, məhv etməyə çalışdılar, tariximizi, dilimizi, dinimizi unutdurmağa çalışdılar... Amma biz, böyük keçmişimizi, ulularımızın qanımıza, canımıza hopan daş yaddaşını... heç vaxt unutmadıq... Sınmadıq, əyilmədik! Və qalib gəldik! Bir əsrdə iki dəfə qazandığımız müstəqilliyin ilk acı təcrübəsini tam 70 il daddıqdan sonra, əldə etdiyimiz ikinci müstəqilliyi göz bəbəyi kimi qoruduq, dirçəltdik, inkişaf etdirdik və bu günlərə gətirdik. Bu gün ölkəmizlə fəxr edirik, inkişafımızla fəxr edirik, dəyərlərimizlə fəxr edirik, dünya birliyinin nüfuzlu, sayılan, ehtiram edilən bir üzvü olmağımızla fəxr edirik! Bu iftixarı bizlərə yaşadan Prezidentimizlə fəxr edirik! Biz elə bir güclü dövlət qurmuşuq ki, biz inkişafımızın elə bir yüksək zirvəsindəyik ki, bundan sonra tariximizə ancaq qələbə günləri, bayram sevincləri yazılacaq! Bundan əminik! Bu əminliyi bizdə yaradan isə, ölkə başçısı cənab İlham Əliyevlə birlikdə çıxdığımız böyük yolda ard-arda əldə etdiyimiz uğurlar və bu uğurların bizə bütün dünyada gətirdiyi baş ucalığıdır. Biz artıq təxminən son üç onillikdən bəri dünyanın yeni tarixinə uğur hekayələrimizlə daxil oluruq. Bunlar möhtəşəm hekayələrdir... Bir ölkənin, bir xalqın parçalanıb, bölünüb, yox olmaq təhlükəsinin yaşandığı günləri çox-çox arxada qoyub, firavanlıq, əmin-amanlıq, sabitlik və xoşbəxtlik hekayələrini yazdığı möhtəşəm hekayələr... Bu uğur hekayələrini yazan və yazdıran isə - Rəhbərdir, müstəqil Azərbaycan Respublikasının Prezidentidir! Bu günlərin əbədi və dönməz olması isə hamımızdan asılıdır! Ən əsası unutmayaq! Tarix unutqanlığı sevmir! Hafizələrə hopan bəzi günlər, tarixlər var ki, onları unutmaq, kimliyi unutmaq anlamına gəlir. Həmin günləri, bir daha yaşanmaması üçün, həmin tarixləri, bir daha təkrarlanmaması üçün yaddaşımızda daim canlı tutmalıyıq! Allah ölkəmizi, müstəqilliyimizi qorusun

Yazının sonunu sovet işğalıyla heç bir zaman barışmayan və bunun üçün böyük maneələrlə qarşılaşan mərhum anam Nurəngiz Günün "Hərrac olmalı bu tələ" şeiriylə bitirirəm:

HƏRRAC OLMALI BU TƏLƏ

Ey, siz! Başımızı gic, tükümüzü vic-vic edənlər!
Bir ovucsuz, bir ovuc, ziyanəvərlər!
Bir ovucun içində sıxılacaqsız.
Bir ovucsuz, bir ovuc, ziyan verənlər!
Taxtınız üstündən yıxılacaqsız;
Torpağı aldatmısız,
Torpağı dən bilib arıtdatmısız!
Bu torpağın bağrını siz çatdatmısız! -
Gözümüzün içinə yalan üfürdünüz siz,
Tarixin çərxini tərsinə hərlətdiniz.
Nə tanrı tanıdınız, nə bəndəsini,
Nə həsrət qandınız, nə hicran səsi,
Nə yolu düşündüz, nə də yolçunu
Dağı da, daşı da siz çərlətdiniz!
Torpaq keçməyəcək günahınızdan,
Axır bir qənimə tuş gələcəksiz,
Nə taxt?!?
Torpağın üstündən yıxılacaqsız!

Ey, siz! Səsimizi boğub, beynimizi gicəllədənlər!
Axı sizi kim doğmuş?
Bu torpağın üstünə sizləri kim doldurmuş?
Ürəyiniz varmı görən? Nə varsa tapdamısız!
Siz “Vətən!” sözüylə alver etmisiz,
Vətən göynəmini hardan biləsiz,
Vətən kölgəsində kölgələnmisiz! -
Küpləriniz yer altında təngnəfəs.
Vəzifəniz sinənizə canlı qəfəs;
Siz ana südünə haram qatmısız -
Ana öyüdünü, ana dilini
Küləş tək süpürüb, silib atmısız!
“K çortu...” demisiz, “Terpi!” demisiz,
yersiz ocaqlara yelpik vermisiz!
Siz hardan biləsiz bəbək nədir, kölgə nə?
Ürək nədir, dilək nədir, kəfən nə?
Axı necə biləsiz, torpaq nədir, bölük nə,
Əcdad nədir, ləkə nədir, vətən nə?

Ey, siz! Ömrümüzü-günümüzü girinc edənlər!
Sizi deyirəm, sizi! - Başyazar, Başpozar ziyanəvərlər!
Söz qovub, cümlə boğub, elmə ziyan verənlər!
Özünüzün aşiqisiz, bu yolda əldən düşmüsüz! -
Ağ kağızı mürəkkəblə boşuna yaşlamısız,
Xəttinizi... beynimizə zor ilə tuşlamısız!
Hər şey zora tabe olmur, olmuyur ancaq,
hər şey bu cürə boğulmur, boğulmayacaq, ancaq!
Oğullar var, oğullar!.. haqq yolunda qovrulurlar!..
Siz onları üzdəniraq, dördayaqlı bilmisiz,
qapınızda zing-zing zingildətmisiniz!
Siz haqqın ağzına daş basmışsınız!
Siz bəyaz yollarda Gün... işığından
Olub ki, gözükor yarasa kimi
Yan ötüp, gizlənib, yaşınmısınız!
Siz heç bilirsizmi bu haqq-hesabla
Qeyrət də yaşayır, qan yaddaşı da,
Cürət də ölməzdir, el savaşı da!...

Ey, siz! Özlərini el içində gülünc edənlər!
Ürəyinin, vicdanının önlərində gedənlər!
Bəllidir gərdişiniz. Keçməz daha işiniz!
Sizin o, yolları otlar basıbdır,
Bir güclü dağ seli basmalayıbdır...
Təsliminiz bəyan gərək, biçilməli, biçilməli,
Lüğətlərdən biçilməli,
həm “zər”iniz, həm “züy”ünüz, həm “zor”unuz!
Dirçəlməli! Dirçəlməli! Siqlət lərdən dirçəlməli
“haqq”, “ədalət” və “doğru”muz!
Ehehehey!.. Qərib düşüb, qərib gəzib itən oğullar!
Ehehehey!.. Qapılar dalında pörtən oğullar!..
A dədə-oğullar, Vətən-oğullar! Gəlin, gəlin!
Gəlin, gəlin! Gec deyil hələ. Verək əl-ələ,
Sökülməli, dağılmalı, hərrac olmalı bu tələ!!!
1985

Jalə Əliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş