Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimenti də “ASAN ödəniş"lə ödəmək mümkündür



Newscenter.az.30.04.2020. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin elan olunması çərçivəsinə Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyalar tətbiq edilməklə vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılması üzrə mühüm tədbirlər görülür.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında məlumat verilib.

Bu məqsədlə məhkəmə və digər orqanların qərarlarının icrasının mütəşəkkil qaydada təmin edilməsi, o cümlədən sosial baxımdan həssas olan aliment və digər icra sənədləri üzrə borcların vaxtında və rahat ödənilməsi üçün əhaliyə yeni imkan yaradılıb.

Ölkə Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri “ASAN ödəniş" sisteminə uğurla inteqrasiya olunub.

Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan bu yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Eyni zamanda hər hansı səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün respublikanın bütün bölgələrini əhatə edən “E-Manat", "Milli Ön" və “ASAN ödəniş" terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə də həyata keçirilməsi üçün şərait yaradılıb.

Bundan əlavə, borca görə ölkədən getmək hüququna məhdudiyyət qoyulmuş şəxslər nağdsız qaydada və ya terminallar vasitəsilə icra üzrə borcunu ödədiyi təqdirdə həmin məhdudiyyət avtomatik aradan qaldırılır və müvafiq məlumat real vaxt rejimində Dövlət Sərhəd Xidmətinə ötürülür.

Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir.
Xəbəri paylaş