Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-dən qeyri-adekvat yanaşma və subyektiv davranış



Newscenter.az.30.04.2020. BMT kimi nüfuzlu bir təşkilatın separatçı ermənilərin təxribatına, avantürasına uyaraq Azərbaycana qarşı ədalətsiz addıma yol verməsi heç şübhəsiz ki, xoşagələn hal deyil. Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ ərazisində yaradılmış qondarma rejimin daha 2 "sənəd"inin yerləşdirilməsini qəti şəkildə pisləyirik. Millətlər Təşkilatı kimi mötəbər bir təşkilat özünün bir ovuc separatçı, işğalçı ermənilər tərəfindən bu cür hiyləgərcəsinə aldadılmasına və alət kimi istifadə edilməsinə yol verə bilməz, yol verməməlidir. BMT təcavüzkar Ermənistana öz qonşusunun - Azərbaycanın ərazilərini işğal etməsinə görə daim təzyiq göstərmək və rəsmi İrəvandan Qarabağın işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməni dərhal yerinə yetirməyi tələb etmək əvəzinə, onların Azərbaycana qarşı təxribatçı "sənəd"lərinin yayılmasına razılıq verirsə, əlbəttə, bu addım BMT-nin Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe tutmasına ciddi şübhələr yaradır.

Məlum məsələdir ki, Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin adından yayılan həmin "sənədlər" Ermənistanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən yayılıb. BMT rəsmiləri isə buna göz yumub. Həmin "sənəd"lərin birində məhz Azərbaycan 2016-cı ilin Aprel döyüşlərinə görə ittiham edilir. Yəni ki, belə bir absurd ittihamı irəli sürməklə ermənilər Azərbaycanı təcavüzkar tərəf qismində göstərməyə çalışırlar. İkinci “sənəd”də isə BMT Baş katibi Antonio Quttereşə dünyanın bütün “qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb. Bu "sənəd"də də həmçinin hiyləgər məqsəd güdülür. Bununla da ermənilər özlərini sülh tərəfdarı kimi, Azərbaycanı isə atəşkəsi pozan tərəf kimi təqdim edirlər. BMT personalı isə bu cür əsassız iddia və ittihamlarla bağlı heç bir ilkin araşdırmadan ermənilərin dırnaqarası "sənəd"lərini təşkilatın rəsmi saytında yerləşdirib. Bu cür qeyri-adekvat yanaşma və subyektiv davranış sözsüz ki, BMT-nin nüfuzuna kölgə salır. BMT rəhbərliyi özünün ermənilərin bu cür siyasi-diplomatik fırıldaqlarında bu və ya digər şəkildə iştirakına son qoymalıdır.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı
Xəbəri paylaş