Newscenter.az.1.04.2020. Mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin “Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsinin sektor müdiri Taryel Qoşnalıyev cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, saat 12:00-da başlanan və bir saat müddətində davam edən canlı yayım zamanı səhifənin rəy bölməsinə 250-dən çox vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.
Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, digər iş günlərində onun müavinləri, aparat rəhbəri və şöbə müdirləri vətəndaşların qəbulunu onlayn - videoqəbul formatında keçirirlər.
Qeyd edək ki, 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.
Sevinc