Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU-nun professoru nüfuzlu beynəlxalq elmi cəmiyyətlərə üzv seçilib



Newscenter.az.7.05.2020. ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov iki nüfuzlu beynəlxalq quruma üzv seçilib. Professor Amerikanın Nevroloqlar Cəmiyyətinin (Society for Neuroscience -SfN) daimi və Avropa Nevrologiya Akademiyasının (European Academy of Neurology - EAN) müxbir üzvü seçilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, Amerika Nevroloqlar Cəmiyyəti (SfN) mərkəzi ofisi Vaşinqtonda yerləşən sinir sistemi və beynin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparan bütün dünya üzrə alimlərini bir yerdə cəmləşdirən peşəkar cəmiyyətdir. 3700-dən çox üzvü olan cəmiyyət nevrologiya sahəsində dünyanın ən böyük qurumlarındandır. SfN hər il dünyada ən iri həcmli elmi konfranslardan birinin keçirməsi ilə də məşhurdur. Bu toplantılara yalnız cəmiyyətin üzvləri tezis təqdim edə bilər. Cəmiyyət hazırda indekslənən 2 elmi jurnal dərc etdirir: Journal of Neuroscience və eNeuro. Qurum hər il nevrologiya sahəsində çoxsaylı müsabiqə, qrant və təqaüdlər elan edir. Cəmiyyətə üzv olmaq üçün dəvət aldıqdan sonra həmin təşkilatın həqiqi üzvlərindən ən azı ikisinin təqdimatı və müsbət rəyi olmalıdır.

Professor Eldar Qasımov SfN-də Azərbaycandan olan yeganə təmsilçidir. Bu üzvlük hər il keçirilən elmi tədbirlərdə iştirak etmək, bu sahə üzrə dünyanın aparıcı mütəxəssisləri ilə online əlaqədə olmaq, indekslənən jurnallara açıq giriş və s. imkanları yaradır. İnkişaf etməkdə olan ölkələrdə yaşayan SfN üzvləri azaldılmış üzvlük haqqı və sponsorluq köməyi almaq hüququna da malikdirlər.

ATU professorunun üzv seçildiyi digər qurum - Avropa Nevrologiya Akademiyasının (EAN) mərkəzi ofisi Avstriyanın Vyana şəhərində yerləşir. 2014-cü ildə Avropa Nevrologiya Cəmiyyətləri Federasiyası (EFNS) ilə Avropa Nevrologiya Cəmiyyətinın (ENS) birləşdirilməsi nəticəsində təsis edilən, bütün Avropada nevrologiya cəmiyyətlərini birləşdirən və dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Əsas məqsədi qitədə tibbi standartları daima yüksək səviyyədə saxlamaqdan ibarətdir.

Akademiyaya üzv olmaq üçün dəvət məktubunu aldıqdan və tələb olunan sənədlər təqdim edildikdən bir müddət sonra qərar qəbul edilərək diplom verilir. Mühüm şərtlərdən biri “Milli nevrologiya cəmiyyətinin” üzvü olmaqdır. EAN üzvləri qurum tərəfindən keçirilən illik konqreslərdə ancaq üzvlərin iştirakı ilə keçirilən tədbirlərdə və online konfranslarda iştirak, Avropa Nevrologiya Jurnalına (EJoN) eBrain- onlayn öyrənmə platformasına və EAN Təlimat İstinad Mərkəzinə sərbəst giriş imkanına malikdirlər.
Xəbəri paylaş