Newscenter.az.7.05.2020. İkinci dünya savaşında əsgərlərlə yanaşı, tibb işçiləri də qəhrəmanlıq nümayiş etdiriblər. Faşizm üzərində qələbədən danışarkən, həkimlərin göstərdiyi fədakarlığı unutmaq olmaz. Newscenter.az xəbər verir ki, bu fikirlər Dağıstan Dövlət Tibb Universitetinin təşkil etdiyi onlayn konfransda səsləndirilib.
“Böyük vətən müharibəsi illərində tibb işçilərinin rolu” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ikinci dünya müharibəsi illərində Azərbaycan həkimlərinin fəaliyyətindən, onların şücaətindən danışıb. Qeyd edib ki, müharibə illərində 700 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Onların yarıdan çoxu geri qayıtmayıb. Müharibə bütün təbəqələrə, o cümlədən tibb işçilərinə də təsir edib. Müharibə dövrlərində elə bir həlledici döyüş olmayıb ki, orada azərbaycanlı əsgər və həkimlər iştirak etməsin:
“Məsələn, həkim Qədirov Brest qalasının mühafizəsində, feldşer Kərimov Rostovun müdafiəsində, tibb xidməti mayoru Sadıqov Moskva uğrunda döyüşlərdə, “partizan həkim” adını alan Rüstəmbəyov Smolensk vilayətində döyüşlərdə iştirak edib. Bu siyahını çox uzatmaq olar. Onlar yalnız əsgərlərə tibbi yardım göstərmir, onlar da cəbhədə düyüşürdülər”.
G.Gəraybəyli konfrans zamanı deyib ki, ikinci dünya savaşı zamanı Azərbaycan sanki arxa cəbhədəki böyük xəstəxana zonasına çevrilmişdi. Ölkəmizə minlərlə yaralılar gətirilmişdi. İkinci dünya müharibəsi illərində Azərbaycanın səhiyyə orqanları, müəssisələri, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulub və hər şey cəbhənin tələbatını ödəməyə yönəldilmişdi. İxtisaslaşdırılmış hospitalların fəaliyyətində yüksək göstəricilərin əldə edilməsində azərbaycanlı alimlərin böyük rolu olub. Onlardan M.Topçubaşov, M.Mirqasımov, İ.Şirokoqorov, Ü.Musabəyova və başqaları xüsusilə fərqləniblər.
“Həmin dövrdə bu xəstəxanalarda baş cərrah işləyən Mustafa Topçubaşov minlərlə insanın həyatını xilas etdi. Bu illərdə Bakıdakı klinikalarda tibbi personala böyük ehtiyac yaranmışdı, çünki mövcud həkimlərin əksər hissəsi cəbhə xəttində idi. Məhz bu dövrdə xəstəxanalarda Azərbaycan Tibb Universitetinin, o dövrdə Azərbaycan Tibb İnstitutu adlandırılan ali məktəbimizin tələbələri müalicə işinə qoşuldular”.
Rektor qeyd etdi ki, Tibb İnstitutunun professorları, dosentləri döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyiblər. Ağır müharibə illərində mərkəzi və periferik sinir sisteminin travmatik zədələnmələrində (prof. M.Topçubaşov), döş qəfəsinin zədələnmələrində (prof. F.Əfəndiyev) və digər Azərbaycan alimlərinin təklif etdiyi cərrahi metodlar tətbiq edilib.
Professor G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin xüsusi rol oynadığını xatırladaraq bu görkəmli tibb işçisinin müharibə illərindəki uğurlu fəaliyyətindən də söz açıb. Bildirib ki, Ə.Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib. İkinci Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi işləyib. Gəray Gəraybəyli Əziz Əliyevin Dağıstandakı fəaliyyətindən də söz açıb:
“O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır . Həmin medalyon hal-hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib”.
Çıxışının sonunda professor G.Gəraybəyli bəşəriyyət tarixində ən böyük savaşlardan olan ikinci dünya müharibəsi bütün SSRİ xalqları üçün, o cümlədən də Azərbaycanın tibbi işçiəri üçün böyük sınaq olduğunu vurğulayıb. Onların qəhrəmanlığı, döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq layiqincə qiymətləndirilib. Aazərbaycanın 3 hərbi tibb işçisi Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, yüzlərlə səhiyyə işçisi müxtəlif orden və medallara layiq görülüb.
Onlayn konfransda Dağıstan Dövlət Tibb Universitetinin rektoru, professor Süleyman Mammayev müharibə illərində tibb elminin əhəmiyyəti, Əndican Dövlət Tibb İnstitutunun rektoru Madamin Madazimov isə özbək həkimlərinin faşizm üzərində qələbəyə verdiyi töhfədən danışıb. Qazaxıstan-Rusiya Tibb Universitetinin təmsilçisi, akademik Muxtar Tinasilov isə ikinci cahan savaşında səhiyyənin təşkilinin effektivliyindən söz açıb. Onlayn konfrans iştirakçıları ikinci dünya müharibəsi illərində qəhrəmanlıq göstərən, həlak olan insanların, o cümlədən tibb işçilərinin xatirəsinin yaddaşlarda qalacağını bildiriblər.