Newscenter.az.7.05.2020. "Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu, artıq heç kəs üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.
Dövlət başçısı deyib: "Hesab edirəm ki, idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir. Mən gənclərə və orta yaşlı insanlara müraciətlə dəfələrlə demişəm, idmanla məşğul olun. Bəzən bunu çox təkrar edirəm, lakin insanların buna əməl etmələri üçün təkrarlamaq lazımdır. Yadımdadır, biz xəstəxanaların tikintisini genişləndirməyə başlayanda mən dəfələrlə təkrar edirdim ki, hər kəs tibbi müayinədən keçməlidir. Biz bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata keçiririk. Yeri gəlmişkən, bu il pandemiya ucbatından onu keçirmədik. Beş milyondan çox insan öz sağlamlığını yoxlamaq üçün gəlir. İdmanda da belə olmalıdır. Mən deyirəm: idmanla məşğul olun, faydasını görəcəksiniz, sizin fiziki formanızın, əhvalınızın, iş qabiliyyətinizin necə yaxşılaşacağını görəcəksiniz. Buna görə indi mən imkanı olmayanların hamısına məsləhət görürəm: internet resurslarından istifadə edin, orada idmanla evdə məşğul olmaq üçün çoxlu məsləhətlər, çoxlu proqramlar var".
"Karantin rejiminə gəldikdə isə mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən çox adamın bir yerdə toplaşması qadağandır. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunmuş iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni, insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdır. Amma sualınıza görə sağ olun. Fürsətdən istifadə edib, bir daha hamıya müraciət edirəm: idmanla məşğul olun, özü də müntəzəm surətdə", - Prezident İlham Əliyev qeyd edib.