Newscenter.az.9.05.2020. Ötən gün Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısında Şamaxı rayonunun Qəleybuğurd kəndində 96 şagird yerlik modul tipli tam orta məktəb də yer alır.
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Tamam Cəfərova deyib ki, dövlət başçımızın təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncamları bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir dövrdə, təhsilin heç bir problemə baxmayaraq, prioritet olmasının əyani sübutudur:
"Məhz belə bir vaxtda ölkə rəhbərinin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir. Hər zaman təhsilin inkişafına diqqət ayırdığı və təhsillə bağlı uğurlu layihələrin həyata keçirilməsinə dəstək göstərdiyi və son Sərəncamda Şamaxıda da daha bir modul tipli məktəbin tikintisi nəzərdə tutulduğu üçün dövlət başçımıza, öz adımdan və bütün seçicilərim adından dərin minnətdarlıq hissimizi bildirirəm".
Anar