Newscenter.az.18.05.2020. Bu gün bütün dünyanın əsas mövzusu COVID-19, koronavirusu pandemiyasına qarşı mübarizədir. Hər gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır.Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri etmişdir.Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün dövlətimiz tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir.
Prezident İlham Əliyev əhalini koronavirus təhlükəsindən qorumaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etmişdir ki, burda da məqsəd sosial izolyasiya tədbirlərini genişləndirmək, virusun daha da geniş yayılmasının qarşısını almaqdır. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Təbii ki, bu sahədə hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.
Azərbaycanda koronavirus pandemiyasının ilk hadisəsi 2020-ci ilin fevral ayında qeydə alındı. Fevralın 28-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı.
Bu xəstəliklə mübarizədə dünyanın bir çox dövlətlərində tibbi ləvazimatlarla bağlı yaranan problemlər ölkəmizdə çox qısa müddətdə öz müsbət həllini tapdı.Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 6-da açılışını etdiyi tibbi maska istehsalı müəssisəsinin işə salınması bu tədbirlər sil siləsində mühüm hadisə, koronavirusla mübarizəyə əsaslı töhfədir. Eyni zmanda qoruyucu və dezinfeksiya edici vasitələrinin istehsalı da təşkil olundu. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə bir nümunə olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür və qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş dövlətlərində hər gün yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Azərbaycan isə dünyada aparıcı ölkələrdəndir ki, pandemiya ilə mübarizədə bu miqyasda işlər görüb. Koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi başlıca uğur məsuliyyət və nizam-intizamın yüksək səviyyədə olması, milli birlik nümayiş etdirilməsidir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Prezident İlham Əliyev öz çıxışında belə həssas bir məqamda dövlətin öz vətəndaşına dayaq olduğunu bildirdi. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi sabitliyin təmin olunmasına, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına 3,5 milyard manatdan çox vəsait ayrıldı.
Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bu fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fiziki və hüquqi şəxslər tərəfindən könüllü edilən ianələr sayəsində fondun vəsaitləri 115 milyon manatdan artıqdır ki, bu da infeksiya ilə mübarizədə mühüm vəsait ola bilər.
Dövlət başçısının koronavirus təhlükəsi ilə əlaqədar atdığı daha bir örnək addım isə yaşı 65-dən yuxarı olan məhkumların azadlığa buraxılması barədə əfv sərəncamı imzalaması oldu. Prezident İlham Əliyevin dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı sərəncamla 176 məhkum azadlığa buraxıldı. Bu, ölkə başçısının vətəndaşlara həssas münasibətini bir daha təcəssüm etdirir, onun humanizmindən xəbər verir. Ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı həm qətiyyətli, həm də humanist addımları bu savaşa öz töhfəsini verir və əhalinin bu bəladan ən az itki ilə çıxmasına təminat yaradır.
Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə respublikamızın bir neçə bölgəsində modul tipli on xəstəxananın inşası ilə bağlı göstəriş verməsi bu sahədə atılan təxirəsalınmaz addımların bir hissəsi kimi qeyd etmək olar. Tibb müəssisələrinə artmaqda olan tələbat nəzərə alınaraq hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların quraşdırılması məqsədilə dövlət büdcəsindən 14,8 milyon manat pul ayrılıb.
Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ölkə ərazisində karantin zonalarına yerləşdirilən insanlar üçün də hər cür şərait yaradılıb. Dövlət başçısı da çıxışında qeyd etdi ki, karantində olan insanların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar və insanlar Atletlər kəndi, Bakı şəhərində və bölgələrdə,otellərdə, istirahət zonalarında və mərkəzlərində yerləşdirilib.
Bundan başqa, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində artıq 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib. Öz liderlik keyfiyyətlərinə sadiq qalan ölkəmizin başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi məsuliyyətini dəyərləndirərək bu il aprel ayının 10-da videokonfrans vasitəsi ilə Türk Şurasının Zirvə Görüşünü təşkil etdi. Bu, dövlət başçıları səviyyəsində pandemiyaya həsr olunan ilk belə mühüm tədbir idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu videokonfransda türk dövlətlərinin səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi ki, bu da pandemiyaya qarşı mübarizədə əhəmiyyətini göstərməkdədir.
Eləcə də Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etimadın göstəricisidir. Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündə üzv dövlətlər Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişlər. Qəbul olunmuş bəyannamədə zamanında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır.
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılmışdır.
Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməlləri ifşa edilərək aşkara çıxarılmışdır. Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan,rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizlik Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq,dövlət əmlakını talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon İcra Hakimiyyətlərinin başçıları dünyanı bürüyən Covid-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər. Prezident İlham Əliyev öz çıxışında bildirdiyi kimi biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını,ərzaq paylarını mənimsəmək ölkəmizə qarşı xəyanətdir.
Respublikanın hər yerində olduğu kimi Zəngilan rayonunda da aztəminatlı ailələr, tənha sakinlər daim diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan sakinlərə ərzaq mallarından ibarət bağlamalar verilmiş və rayon rəhbərliyi onların problemləri ilə yaxından tanış olmuşlar.
Bu gün bəşəriyyəti ağuşuna almış koronavirus bəlasına qarşı Azərbaycan nümunəvi mübarizə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir.
Nizami Mönsümov - YAP Zəngilan rayon təşkilatının sədri.