Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edənlər məsuliyyətə cəlb edilməlidir



Newscenter.az.31.05.2020. "Dünya ölkələrində sosial şəbəkələrin fəaliyyətinin təmzinlənməsi ilə bağlı müxtəlif təcrübələr var. Sosial şəbəkələrin fəaliyyət mahiyyətindən asılı olaraq bir sıra ölkələr ən radikal addımları belə atıblar. Çində, Rusiyada, İranda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Misirdə, Vyetnamda, Səudiyyə Ərəbistanında, Pakistanda və başqa ölkələrdə sosial şəbəkələrin müxtəlif seqmentləri qadağan olunub. Bütün bunlar isə sosial şəbəkələrin son zamanlar ünsiyyət qurma mahiyyətindən çox mənəvi və siyasi terrorla məşğul olması ilə əlaqədardır. Bu sıraya görünür ABŞ da qoşulmaq fikrindədir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə sərbəstdir və onun heç bir seqmenti qadağan edilməyib:

"İnternet istifadəçilərinin sayı isə ölkə əhalisinin 80 faizdən çoxunu təşkil edir. Təkcə facebook istifadəçilərinin sayı 3 milyon nəfərə yaxındır. Amma çox təəssüflər olsun ki, bəziləri internet azadlığını, söz və özünüifadə haqlarını səhv başa düşürlər və insanlarımızı, xüsusilə də siyasətçilərimizi, müəllimlərimizi, həkimlərimizi, hətta ən sadə vətəndaşlarımızı belə təhqir edirlər, şəxsiyyətlərini alçaldırlar. Bu günə qədər xatırlayıram ki, bələdiyyə seçkilərindən sonra Əli Kərimli Sevinc Osmanqızının youtube kanalında açıq-aşkar trollarını müəllimləri ağır qınağa, yəni təhqirə səslədi. Səhəri gün isə onun nəzarətində olan facebook səhifələrində müəllimlər ən ağır şəkildə təhqir olundular. Məqsəd əlbəttə ki, aydın idi. Cəmiyyətimizin ən aktiv kəsimi olan müəllimlərimizi seçki prosesindən kənar tutmaq, ümumiyyətlə qadın cinsindən olanları seçkilərə gəlməsinə mane olmaq idi".

Millət vəkili qeyd edib ki, son günlər Milli Məclisin və respublikamızın rəhbərliyinə qarşı da çirkin təhqir kampaniyası aparılmaqdadır:

"Bu cür iyrənc hərəkətlərin bir daha baş verməməsi üçün mütləq sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, məsuliyyət hissinin artırılması və lazım olanda cəza tətbiqi məsələlərinə baxılmalıdır. Doğrudur, Cinayət Məcəlləsində təhqirə görə cəza nəzərdə tutulur. Amma bu, sosial şəbəkələrdəki saxtakarlıqların qarşısının alınmasına köməklik etmir. İndiki məqamda ən yaxşı hal sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edən, yalan məlumatlar yayan səhifələr, profillər əngəllənməlidir, sahibləri dəqiq bəllidirsə, məsuliyyətə cəlb edilməlidir. Yaxşı olar ki, sosial şəbəkələr üzrə cinayət həyata keçirənlərin cəzalandırılması beynəlxalq fəaliyyət formasına keçsin. Məsələn, biri oturub Almaniyada, Fransada, ABŞ-da və facebook, youtube üzərindən ağzına gələni danışır. Bəs, bu cür kibercinayətkarlar, mənəvi terrorçular necə cəzalandırılsın? Məhz, bunun da mexanizmləri üzərində düşünülməlidir".
Xəbəri paylaş