Newscenter.az.1.06.2020. Prezident İlham Əliyevin 28 mayda “Qobu Park-3” kompleksinin açılışındakı nitqi hələ çox müzakirə olunacaq. Çünki Prezident öz çıxışında müzakirə üçün həqiqətən də geniş imkanlar açıb, mövzular verib. Ancaq bu mövzulara kimlər necə reaksiya verir və hansı yöndən dəyərləndirmə aparır, bu da qalıb hər kəsin öz vicdanına. Prezidentin fikirlərinə müxtəlif cür don geyindirmək və bu fikirləri qəsdən təhrif etmək istəyənlər də var. Həmin fikirlərə üzdən yanaşan və o fikirlərdəki ismarıcları səthi şəkildə dərk edib dəyərləndirənlər də var. Xüsusən də dövlət başçısının Xalq Cümhuriyyəti və milli parlament (Milli Şura) ilə bağlı səsləndirdiyi fikirlər ictimai-siyasi camiədə geniş rezonans doğurub. Prezidentin səsləndirdiyi fikirləri indi hərə öz arşını ilə ölçməyə, yozmağa çalışır.
Təəssüf ki, bir çox hallarda Prezidentin fikirləri kontekstdən çıxarılır və bu fikirlərə tamam başqa rakursdan fərqli mənalar yüklənilir. Başqa sözlə desək, biriləri Prezidentin səsləndirdiyi fikirlərlə spekulyasiya edirlər. Həmin o biriləri də ilk növbədə radikal düşərgənin təmsilçiləridir. Belə ki, Sevinc Osmanqızının efirindən, Feysbuk, Tvitter, Yutub kimi sosial platformaların imkanlarından sui-istifadə edən Cəmil Həsənli kimi qərəzli tarixçilər və onun yandaşları bu məsələ ətrafında durmadan antitəbliğat aparır, süni ajiotaj yaratmağa çalışırlar. Amma əsl həqiqətdə isə İlham Əliyevin həmin fikirləri səsləndirməkdə məqsədi Cümhuriyyət dönəmini və Qurucu Babalarımızı gözdən salmaq deyildi.
Biz həmin fikirlərə biraz diqqətlə yanaşsaq görərik ki, Prezident həmin çıxışında ilk növbədə Cümhuriyyətin uğurlarını vurğulayır və hamının haqlı olaraq AXC ilə fəxr etdiyini xüsusi qeyd edir. Ancaq eyni zamanda da haqlı olaraq bizi tarixdən ibrət götürməyə çağırır və diqqətimizi Milli Şuranın 29 may 1918-ci il qərarı ilə İrəvanın ermənilərə verilməsi məsələsinə yönəldir. Prezident bu hadisəyə görə Cümhuriyyət hökumətini ittiham etməkdə haqlıdır. Ancaq onun əsas məqsədi Cümhuriyyət hökumətini ittiham etməklə kifayətlənmək deyildi. Biz maraqlanmalıyıq ki, Prezident Cümhuriyyət hökumətini nəyə görə, hansı məqsədlə ittiham edir. Günki kimi aydın məsələdir ki, burada Prezidentin əsas hədəfi tamamilə başqadır. Prezidentin hədəfi nə bəzi MM deputatlarının iddia etdiyi kimi tarixçilərə tarix dərsi keçmək deyildi, nədəki radikalların iddia etdiyi kimi "Rəsulzadəni silmək, Heydər Əliyevi bütləşdirmək" və Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil. Bu cür sərsəm iddialar tamamilə əsassızdır.
“Tarixdən ibrət götürməliyik” deyən Prezidentin əsas hədəfi tarixi şəhərimiz olan İrəvana siyasi iddiamızı ortaya qoymaq və işğalçı erməniləri onların öz silahı ilə "vurmaq" taktikasına üstünlük verməyin vacibliyini diqqətə çatdırmaq idi. Prezident bu fikirləri ilə ortaya yeni paradiqma qoydu və düşmənə qarşı informasiya savaşının yeni səhifəsini açmış oldu. Prezident yeni yanaşma təklif etdi. Odur ki, Prezidentin fikirlərinə dar çərçivədən yanaşmaq olmaz. Yaxud da kimlərsə öz firqə maraqlarından çıxış edib Prezidentin fikirlərinə hakimiyyətlə müxalifət arasında siyasi-ideoloji mübarizə donu geyindirməyə çalışmamalıdır. Prezident məsələlərə xırda siyasi çəkişmələr prizmasından yox, qlobal yanaşır, ümummilli maraqlardan çıxış edir. İrəvanın 102 il bundan öncə ermənilərə verilməsinin Prezident tərəfindən qabardılması, gündəmə gətirilməsi də milli maraqlarımıza daxildir.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri