Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı: "Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik"



Newscenter.az.3.06.2020. "Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər", - Prezident deyib.
Xəbəri paylaş