Newscenter.az.4.06.2020. Bakı Avrasiya Universiteti “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2019/2020-ci tədris ilinin Yaz semestrinin imtahan sessiyası, yekun dövlət attestasiyasının keçirilməsi və təhsilalanların biliyinin qiymətləndirilməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli tələbələri narahat edən bəzi nüaslara aydınlıq gətirib. Mətbuat katibi qeyd edib ki, “Bakalavriat və magistratura səviyyələrində 2019/2020-ci tədris ilinin Yaz semestri üçün təhsilalanların fənlər üzrə biliyinin cari və aralıq qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında aparılacaq.
- Cari tədris ili üçün fərdi tədris planı üzrə müəyyənləşdirilmiş təhsil haqqını tam məbləğdə ödəmiş təhsilalanların fənn (fənlər) üzrə onlayn dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq cari və aralıq qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə-UOMG) uyğun olaraq, yekun qiymət çıxarılmaqla 100 ballıq sistem üzrə aparılır (51 baldan az olan hallarda yekun bal 51 hesab edilir).
- Bu sırada ola bilər ki, qiymətləndirmə nəticəsi ilə razılaşmayan tələbələr olsun?
- Burada bütün detallar nəzərə alınıb.Əgər qiymətləndirmə nəticəsi ilə razılaşmayan təhsilalanların iyul ayının 5-nə qədər müraciətləri daxil olarsa, o halda onlar üçün cari ilin avqust-sentyabr aylarında imtahan sessiyası təşkil ediləcək.
Onlayn dərslərə qoşula bilməyən tələbələrin iyul ayının 5-nə qədər istəyi və müraciətləri daxil olduğu halda cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) onlara ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunur və ənənəvi və ya onlayn imtahan sessiyası keçiriləcək. Eyni zamanda xüsusi vurğulamaq istərdim ki, yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək.
Bakalavriat və magistratura səviyyələrində təhsilalanların ixtisas təcrübəsi üzrə qiymətləndirilməsi onların təhsil müddətində əldə etdikləri UOMG əsasında yekun qiymət çıxarılmaqla 100 ballıq sistemlə aparılacaq.
- Məzunların yekun dövlət attestasiyası ilə bağlı hansı meyarlar əsas götürülüb?
- Bakalavriat səviyyəsində bütün ixtisaslar üzrə məzunların yekun dövlət attestasiyası tədris planlarına uyğun olaraq buraxılış yekun dövlət imtahanı formasında aparılması nəzərdə tutulmuşdur. Tədris planının bütün şərtlərini yerinə yetirmiş və təhsil haqqı borcu olmayan tələbələrə (cari tədris ilində buraxılış kursunda təhsil alanlar, həmçinin yekun dövlət attestasiyasında iştirak hüququ olan və cari semestrdə müraciət etmiş əvvəlki illərin tələbələri) təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə-UOMG) uyğun olaraq yekun qiymət çıxarılır və onlar yekun dövlət attestasiyasından keçmiş hesab olunurlar. UOMG-yə uyğun çıxarılmış yekun dövlət attestasiya nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin avqust-sentyabr aylarında ixtisas üzrə yekun dövlət imtahanı təşkil ediləcək.
Burada Magistrlik dissertasiyasının təqdim edilməsi və müdafiəsi ilə bağlıda universitet qərarını açıqlayıb. Belə ki, dissertasiya elektron şəkildə təqdim olunur, həmçinin dissertasiya işinin müdafiəsi onlayn formada keçirilir.
Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılacaq, bu halda balın yarısı müdafiəyəqədərki fəaliyyətə, digər yarısı müdafiənin nəticəsinə görə müəyyənləşdirilir və magistrant tərəfindən qazanılmalıdır. Magistrantın müdafiəyəqədərki fəaliyyətinin qiymətləndirilməsi nəzəri təlim nəticələri üzrə orta bal, kafedranın magistrantın dissertasiya işi üzrə yekun balı, elmi rəhbərin verdiyi bal, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin nəticələri üzrə yekin bal parametrləri üzrə aparılır və həmin parametrlərin hər biri maksimum 10 bal həddində müəyyənləşdirilir.
Magistrlik dissertasiyasının məzmunu ilə bağlı tələblər universitet tərəfindən magistrantlara birinci tədris semestrində dissertasiya mövzusunun təsdiqi zamanı verildiyindən və dissertasiya hazırlığı prosesi artıq başa çatdığından hər hansı əlavə tələb və dəyişiklik nəzərdə tutulmayıb.
Sonda təbələrin diqqətinə çatdıqmaq istəyirəm ki, qiymətləndirmə nəticəsi ilə razılaşmayan təhsilalanların müraciətləri iyul ayının 5-nə qədər elektron formada qəbul olunur. Müraciətlər Universitetin [email protected] elektron poçtuna göndərilməlidir
Qeyd: "Qərar təhsil haqqı borcunu 10 iyun tarixinədək tam şəkildə ödəyən tələbələrə şamil olunur".