Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nümayişçilər Donald Trampı istefaya çağırdılar - VİDEO



Newscenter.az.5.06.2020. ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyalar davam edir.

"Report"un xüsusi müxbiri xəbər verir ki, milyonlarla nümayişçi aksiyanın yeddinci günündə şəhərin Manhattan rayonunun “Columbus Circle” dairəsindən "Trump International Hotel"ə doğru hərəkət ediblər.

Onları Nyu-York Şəhər Mərkəzi Polis İdarəsinin yüzlərlə əməkdaşı müşahidə edib. Aksiya zamanı "Trump International Hotel”in yaxınlığındakı metro girişləri bağlanılıb. Hotelin qarşısında etirazçılar şəhərdə tətbiq edilən komendant saatına etiraz olaraq şüarlar səsləndirib, dövlət başçısını istefaya çağırıb və Corc Floyda ədalət istəyiblər.

Eyni zamanda Nyu-York şəhər bələdiyyəsinin sədri Bill de Blasioun komendant saatının tətbiqi ilə bağlı qərarına etiraz olaraq da Bronx, Manhattan və Bruklin rayonlarında gün ərizində aksiyalar baş tutub. Onlara tibb işçiləri də dəstək veriblər. “Citizen” proqramı üzərindən bir-biri ilə əlaqə quran nümayişçilər gecə saatlarına qədər aksiyanı davam etdirməyə çalışıblar. Zaman-zaman nümayişçilər və polislər arasında qarşıdurmalar yaşanıb. Polisin xəbərdarlığına baxmayaraq, aksiyanı davam etdirməyə cəhd edən yüzlərlə nümayişçi həbs olunub.

Qeyd edək ki, hazırda Nyu-York da daxil olmaqla 25 şəhərdə komendant saatı elan olunub. Nyu-Yorkda saat 20:00-dan 05:00-dək xüsusi icazə olmadan şəhərə çıxmaq qadağandır. Nyu-York polisinin məlumatına görə, indiyədək 2 000 etirazçı həbs olunub. Onlardan bəziləri mağazaları talan etdiklərinə, digərləri isə polislə qarşıdurmaya getdiklərinə görə saxlanılıblar. Eyni zamanda Nyu-York şəhərinin bir neçə mərkəzi küçəsi, parkları, xüsusilə Nyu-York Şəhər Mərkəzi Polis İdarəsinin qarşısında yerləşən "Times" meydanının ətrafı polis tərəfindən xüsusi dəmir barmaqlıqlarla hasara alınıb, bütün girişlər bağlanıb. Mintiq iştirakçıları isə iyunun 15-dək aksiyaların saatları və məkanları ilə bağlı proqramlar paylaşıblar. Hazırda 24 şəhərdə Milli Qvardiyanın əsgərləri polisə dəstək verməkdədir. Son bir gündə Nyu-Yorka 4 000 əlavə polis gətirilib. Ştatın qubernatoru Endryu Kuomo zərurət yarandığı halda Milli Qvardiyanın dəstəyindən yararlanacağını deyib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.
Xəbəri paylaş