Newscenter.az.7.06.2020. 2006-cı ilin iyun və yaxud iyul ayı idi. Yay ayları olmasına baxmayaraq bazarda kənd təsərrüfatı məhsullarının çatışmazlığı və bundan irəli gələn süni qiymət artımı baş verirdi. Bir tərəfdən də uzun illər bazarlarda kök salmış ayrı-ayrı ticarətçilər tərəfindən rayonlardan gələn insanlar üçün, yetişdirdikləri məhsulları şəhərə gətirərək, bilavasitə özləri tərəfindən satılmasına maneçiliklər törədilirdi. Buna görə də, cənab Prezidentin tapşırığına əsasən, paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərin öz məhsullarını maneəsiz bazara çıxarması üçün, keçmiş Baş nazir Artur Rəsizadənin sədrliyi, aidiyyəti nazirlərin və şəhər icra hakimiyyəti Başçılarının iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə mövcud nöqsanların aradan qaldırılması, bu sahədə operativ tədbirlərin həyata keçirilməsinin zəruriliyi, qısa zamanda Bakı şəhərinin hər bir rayonunda bir neçə kəndli yarmarkalarının təşkil olunması barədə tapşırıqlar verildi. Yeri gəlmişkən bu sətirlərin müəllifi çıxış edərək problemlərin uzun müddətli həlli üçün bir neçə təkliflər səsləndirdi və ötən müddət göstərdi ki, həmin təkliflər bu gün də aktualdır. Bu başqa mövzunun predmeti olduğuna görə, başqa vaxt Sizləri məlumatlandıraram.
Deməli ölkə Başçısının tapşırıqlarına uyğun olaraq, cəmi iki gün ərzində şəhərin mərkəzi rayonlarının hamısında bir neçə yarmarka təşkil olundu və onlardan bir çoxu hal- hazıradək fəaliyyətdədir.
Nəsimi rayonunun əhalisi üçün təşkil olunmuş yarmarkalardan biri, keçmiş “26- maşzavod” adlanan zavodun həyətində fəaliyyət göstərirdi. Həftə sonları aparatın məsul şəxsləri ilə birlikdə yarmarkaların fəaliyyətini şəxsən nəzarətdə saxladığımızdan, bəzi qəribə və eyni zamanda acınacaqlı hadisələrlə üzləşirdik.
Deməli, müxtəlif rayonlardan gələn ərzaq məhsulları satılır və yarmarkanın mərkəzində, quşçuluq fabrikindən göndərilmiş dolu yük maşınının ətrafında, təxminən 20-25 adam böyük bir ajiotaj yaratmışdı. Çox çox üzr istəyirəm, elə bil ki, müharibə idi. Cüzi də olsa zərurət olmadan, maşının ətrafında qadınlar və kişilər bir birilərinə qarışmışdı. Yük maşınındakı yumurta yüzlərlə və daha çox insanın tələbatını ödəmək imkanında idi. Əməkdaşlara tapşırdım ki, bu insanlara izah edin ki, sadəcə növbəyə dursunlar və tezliklə rahat şəkildə, əziyyətsiz yumurtanı alacaqlar. Yumurta hər kəsə artıqlaması ilə çatacaqdır. Təəssüf ki, heç kim güzəştə getmədi və hətta bizim əməkdaşları da acıladılar.
Mənə o dövrü xatırladan hadisənin təkrarı;
Koronovirusla bağlı tətbiq olunmuş, karantin rejimi yumşaldıqdan sonra bir neçə gün ərzində yeni yoluxanların sayında kəskin artım müşahidə olundu. Buna görə də, operativ qərargah şənbə və bazar günlərində evdən çıxmamaq barədə qərar qəbul etdi. Cəmi ikicə gün. Amma cümə günü bəzi vətəndaşlarımızın ərzaq mağazalarındakı çörək və digər məhsullar uğrunda apardıqlar ,, mübarizə,, olduqca acınacaqlı idi. Belə bir bolluq şəraitində, defisit anlayışının ümumiyyətlə leksikondan itdiyi dövrdə bunun adı nədir?
Bu nə davranış, nə mədəniyyət. İndi İKT əsridir. İstənilən informasiya cəmi 30 saniyə ərzində dünyanın o biri başına çatır. Düşünürəm ki, hər bir ailədə,kollektivlərdə ictimai yerlərdə davranışlarımıza xüsusi diqqət yetirməli, ələlxüsus gənc nəslə ətraf mühitə münasibət qaydalarını təbliğ etməliyik. Millətin, dövlətin müsbət imicinin formalaşdırılması, harada olmasından asılı olmayaraq hər kəsi düşündürməlidir.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Müharibə dövründə insanlar aylarla, bəzən daha çox zirzəmilərdə,yerin altında yaradılmış təhlükəsizlik yerlərində yaşamaq məcburiyyətində qalırlar. Ancaq bəzilərimiz cəmi iki gün evdə qalmaq üçün dözümsüzlük nümayiş etdirirlər. Müharibə aparan ölkə üçün, bu olduqca təhlükəlidir.( səbəblərini açıqlamağı lüzum bilmirəm). Hesab edirəm düşünmək üçün əsas var.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı