Şeyxülislam Həzrətlərini böhtanlardan qoruyan adındakı mübarək kəlmədir
Newscenter.az.7.06.2020. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Azərbaycanın fenomen şəxsiyyətlərindəndir, belə demək mümkünsə, milli brendimizdir...
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə qarşı başladılan böhtan kampaniyasını milli dövlətçiliyimizə qarşı da hesab etmək olar.
Böhtan və töhmət başqası haqqında yalan danışmaq, iftira ilə nisbət verməkdir. Bir nəfərin etmədiyi pis bir işin ona yalandan nisbət verilməsinə İslamda böhtan deyilir. Yalan və qeybətin böyük günahlardan olması hər kəsə məlumdur. Böhtanda da məhz yalan və qeybət vardır. Başqa sözlə desək, böhtanın tərkibi yalan və qeybətdən ibarətdir. Belə ki, haqqında danışılan şəxsin yoxluğu zamanı barəsində danışılması qeybət, olmayan hadisənin onun ünvanına söylənilməsi isə yalandır. Şəri dillə desək, böhtanda töhmət vuran (şər qüvvə) elmsiz halda zənn və gümanı üzündən başqasına töhmət vurur ki, bunun da kökü sui-zənnə gedib çıxır. Deməli, böhtan yalanın ən pis formasıdır və ikiqat günahdır. Qeyd edək ki, böhtan və töhmət həm Qurani-Kərimdə, həm də Həzrət Peyğəmbərin (s) hədislərində böyük günahlardan olub, kəskin şəkildə qadağan edilmiş və onlardan istifadə edənlər üçün ağır əzab müəyyən olunmuşdur. Məsələn, Allah-Təala sonuncu səmavi Kitabında buyurur ki: “O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi? Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (Qurani-Kərim, “Nur” surəsi, 15-16 və 19-cu ayələr).
Yaxud da, Həzrət Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Hər kim imanlı mömin kişi və qadına böhtan atarsa, ya onun haqqında elə şey deyər ki, onda olmasın, Allah Qiyamət günü onu atəşli telin üzərində qərar verər ki, dediklərindən geri dönsün” (Ebu Davud es-Sicistani. “Süneni-Ebu Davud”. Tərcümə və şərhi. 16 cilddə. Hazırlayanlar: Necati Yeniel və b. İstanbul, 2003. XVI cild, səh. 93, hədis №4883).
Bəli, böhtan bu qədər çirkin əməldir. Tarix boyu şər qüvvələr tərəfindən istifadə olunan bu pis əmələ, təəssüf ki, günümüzdə də rast gəlinməkdədir. Belə ki, son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin barəsində xoşagəlməz ifadələr işlənir, onun adına və şəxsiyyətinə yaraşmayan ləyaqətsiz iftiralar atılır. Hesab edirəm ki, bunlar QMİ sədrinə qarşı yönəlmiş, qərəzli xarakter daşıyan, onun təmiz və ruhani nüfuzuna xələl gətirməyə hesablanmış böhtanlardır. Çünki Şeyxülislam həzrətlərini təfərrüatı ilə tanıtmağa ehtiyac yoxdur. Onu cəmiyyətimiz də, dünya müsəlmanları da, dünyanın dövlət rəhbərləri və dini liderləri də çox yaxşı tanıyır. Barəsində sanballı əsərlər yazılıb. Sahib olduğu titulların, orden və medalların, dünya və bölgə xalqlarının sülh və birgəyaşayış şəraitində yaşaması naminə qatıldığı yerli və beynəlxalq səviyyəli tədbirlərin sayı-hesabı yoxdur. Bu siyahını çox uzatmaq olar. Lakin mən burada mövcud böhtan kampaniyası ilə bağlı bir neçə incə məqama diqqət çəkmək istərdim.
Əvvəla, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri nəinki Azərbaycanın, həm də Bütün Qafqazın müsəlman əhalisinin ali dini lideridir. Qafqaz və ölkə müsəlmanları onu özünə mənəvi ata, yüksək dini elmə və biliyə sahib ruhani, müdrik ağsaqqal seçiblər. Qənaətimə görə, keçdiyi və hamıya gün kimi bəlli olan böyük həyat yolu ilə, eləcə də 31 yaşından bu ağır yükü çiynində şərəflə daşıması ilə Şeyxülislam həzrətləri bu ali dini vəzifəyə layiq olduğunu gerçək şəkildə sübuta yetirmişdir, burada qaranlıq qalan və böhtana səbəb ola biləcək heç bir məqama yer yoxdur. Əgər Qafqaz və ölkə müsəlmanlarını bir ailə hesab etsək, onda Şeyxülislam həzrətləri bu ailənin atasıdır, ata isə evin və ailənin böyüyüdür, rəisidir, atanı təhqir etmək ailəsini və övladlarını təhqir etmək deməkdir. Belə olan halda ailənin və övladların borcudur ki, atanın şərəf və ləyaqətini müdafiə etsin. Əgər belədirsə, o zaman Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini müdafiə etmək Qafqaz və ölkə müsəlmanlarının müsəlmanlıq borcudur və ali dini liderimizə atılan böhtanlar, hər şeydən əvvəl, bütün Qafqazın müsəlmanlarına və ölkənin dindar təbəqəsinə qarşı da atılmışdır.
İkincisi, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Azərbaycanın fenomen şəxsiyyətlərindəndir, belə demək mümkünsə, milli brendimizdir. O, həmişə bizimlə olub, indi də bizimlədir, ömrünün sonuna qədər də bizimlə olacaq. Bunu biz demirik, QMİ sədrinin 40 illik şeyxülislamlıq, eləcə də elmi və ictimai fəaliyyəti deyir. Şeyxülislam həzrətləri Müstəqil Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev həzrətləri ilə böyük azərbaycançılıq naminə eyni fikirləri bölüşən, bu yolda onunla birgə addımlayan, milli dövlətçiliyimizin formalaşması və inkişafında misilsiz xidmətləri olan Ulu Öndərə qəlbən və ruhən yaxın olan bir şəxsdir. Konstitusiyamıza görə dinin dövlətdən ayrı olduğunu yaxşı bilən, lakin vətənsevər dindar və inanclı vətəndaş olaraq dövlətinin, habelə ölkəsinin taleyinə heç zaman biganə qalmayan Şeyxülislam həzrətləri ictimai fəaliyyəti ilə Azərbaycanın haqq səsinin və erməni işğalına məruz qalan Qarabağ torpaqlarımızla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmadan fəaliyyət göstərən Ümummilli liderin davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarına daim mənəvi dəstək olur. Əbəs yerə deyil ki, dövlət rəhbərimiz hörmət və ehtiram əlaməti olaraq hər il Ramazan ayında Şeyxülislam həzrətlərinin iqamətgahında təşkil edilən və ənənəvi hal alan iftar süfrələrinə (COVİD-19 pandemiyası üzündən ölkədə elan edilmiş Xüsusi karantin rejimi ilə əlaqədar builki iftar süfrəsini çıxmaq şərtilə) qatılır. Ölkə başçımız belə tədbirlərdən birində demişdir: “Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdı”.
Belə olan halda, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə qarşı başladılan böhtan kampaniyasını milli dövlətçiliyimizə qarşı da hesab etmək olar. Fikrimcə, bu çirkin kampaniyasını başladanlar bir neçə şey əldə etmək istəyirlər və bunlar aşağıdakılardan ibarətdir:
1. Ölkənin nüfuzlu ali dini liderinə qarşı atılan bu iyrənc addımla cəmiyyətdə özünə divident qazanmaq, özünü məşhurlaşdırmaq, qarşı tərəf adekvat cavab verərsə (məsələn, hüquq-mühafizə orqanlarına və məhkəmə instansiyalarına müraciət edərsə) bu kimi addımlarla diqqəti öz üzərinə cəlb etmək və hansısa göydəndüşmə “qəhrəman” obrazına sahib çıxmaqla guya “Azərbaycanda demokratik və insan hüquqları pozulur və ya fikir və söz azadlığı tapdanır” kimi populist çıxışlar və çağırışlar adı altında respublikanı tərk edib xaricə getmək, arzuladığı xoşbəxt həyatı orada yaşamaq;
2. Bəzi sosial şəbəkə istifadəçiləri (facebook, instagram, youtube), blogerlər və ya elektron media orqanları cəmiyyətin müəyyən hissəsinin ictimai-siyasi məlumatsızlığından sui-istifadə edərək Şeyxülislam Allahşükür Paşazadə həzrətləri barəsində böhtan və yalan dolu informasiyanı cəmiyyətə sırımaqla bu informasiyaların oxunaqlığını təmin etmək, bununla elektron media dünyasında daim yenilənən IP yarışmasında irəliləmək və müəyyən maddi mənfəət əldə etmək, yəni reytinq naminə spekulyasiya edərək gündəmdə qalmağı və izlənmə sayını artırmağı bacarmaq (bu, jurnalistikanın obyektivlik, dəqiqlik, vicdanlılıq və qərəzsizlik kimi beynəlxalq prinsipləri baxımından da düzgün deyildir; bu kimi hallara görə artıq Azərbaycan Parlamentində sosial şəbəkələrə nəzarətin gücləndirilməsi məsələsi müzakirə edilməyə başlanıb).
3. Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin adında yer alan mübarək “Allah” kəlməsini şeytan sözü ilə əvəzləyib bu yolla ona böhtan atan şərəfsiz, hər şeydən əvvəl, Allah-Təalanı tanımayan, Ona küfr edən şeytanxislətli birisidir və bəşəri baxımdan insan deyildir, çünki insan öz Xaliqinə – onu xəlq edən Rəbbinə qarşı belə ədəbsizlik və hörmətsizlik etməz; dini nöqteyi-nəzərdən, mürtəd və qeyri-müsəlmandır, Tövhid və Axirət inancından uzaq olan və bəndəliyə layiq olmayan kəsdir, axı heç bir müsəlman bu cür iyrənc əmələ əl atmaz; milli mənsubluğuna görə ermənidir, xaricdəki erməni lobbisinin maliyyələşdirdiyi qaragüruhçudur. Onun əsl məqsədi Şeyxülislam həzrətlərinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı genişmiqyaslı fəaliyyətini ləkələyərək ermənilərin xeyrinə çalışmaqdır.
Bu müddəalardan çıxarılan nəticə bunu deməyə əsas verir ki, Bütün Qafqazın Şeyxinə qarşı böhtan atanlar – şeytana uyan məkirli və qara qüvvələrdir. Onlar bilməlidirlər ki, belə iyrənc əməllərlə heç nəyə nail ola bilməyəcəklər. Onlar əmin olmalıdırlar ki, bu cür böhtanlarla ölkənin və Bütün Qafqazın müsəlmanlarının nifrətini qazanırlar. Onlar dərk eləməlidirlər ki, Şeyxülislam həzrətlərini hər cür böhtan və şərdən hifz eləyib qoruyan Ali qüvvə – mərhum valideynləri tərəfindən adına həkk edilən “Allah” kəlməsi və bu mübarək kəlmənin sahibi olan Uca Allahın Özüdür. Allah-Təala isə buyurmuşdur: “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər...” (Qurani-Kərim, “Nur” surəsi, ayə 21)
Əhliman Rüstəmov
İlahiyyat üzrə araşdırmaçı-yazar,
Jurnalist-tədqiqatçı