Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Laqeydlik isə hər birimizə, bizim yaxınlarımıza, ölkəmizə real təhlükə törədə bilər"



Newscenter.az.8.06.2020. “Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 6-7-si Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edildi. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində infeksiyanın daha çox yayıldığı şəhərlərin sakinlərinə yaşayış yerini tərk etmək qadağası qoyuldu. Ötən günlərdə olduğu kimi dövlətimizin milli birlik və həmrəylik çağırışlarına qoşularaq birləşdiniz, tövsiyələrə əməl etdiniz, məsuliyyətlilik və intizamlılıq nümayiş etdirdiniz”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Fatma Yıldırım hər birimizin sağlamlığı və təhlükəsizliyi naminə atılan bu addımları anlayışla qarşıladıqlarına, karantin dövründə həmrəylik nümayiş etdirdiyinə görə vətəndaşlara minnətdarlıq edib:

“İki günlük sərtləşdirmədən sonra bu gün həyat öz ritmi ilə davam edir. Lakin hər birimiz maska taxmalıyıq və sosial məsafə saxlamağa diqqət etməliyik. Pandemiya hələ bitməyib, hələ bizi qarşıda yeni sınaqlar gözləyir. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də bəzi vətəndaşlarımız pandemiyanın nə qədər təhlükəli olduğunu anlamır. Laqeydlik isə hər birimizə, bizim yaxınlarımıza, ölkəmizə real təhlükə törədə bilər. Ona görə də, dövlətimizin qarşıdakı günlərdə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qəbul edəcəyi qərarlara əvvəlki kimi yenə də birgə məsuliyyətlə və təmkinlə yanaşmağınızı xahiş edirəm. Qanun hamı üçün birdir və qaydalara birmənalı riayət olunmalıdır. Eyni zamanda, gecə-gündüz yorulmadan asayişimizin keşiyində duran polis əməkdaşlarına və hərbçilərimizə də dərin təşəkkürümü bildirirəm. Onu da unutmamalıyıq ki, milli birlik və həmrəylik hər şeyə qalib gəlir. Biz hər zaman birlikdə olmaqla bu bəlaya qalib gələcəyik”.

Anar
Xəbəri paylaş