Newscenter.az.8.06.2020. 2020-ci ildə qüvvəyə minmiş yeni subsidiya mexanizmi gübrə bazarının nəzərəçarpacaq dərəcədə liberallaşmasına səbəb olub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 238 gübrə, 400-dək toxum və ting təchizatçısı qeydiyyatdan keçib.
Yeni qayda ilə verilən subsidiyalardan faydalandığını EKTİS-də 25 gübrə təchizatçısı qeyd edib. Bu təchizatçılar arasında həm hüquqi, həm də fiziki şəxslər var. Əkin subsidiyası almış 100 min nəfərədək fermer bu təchizatçılardan 46 min ton gübrə alıb və bunun müqabilində 32 milyon manat subsidiya vəsaiti xərcləyib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ümumilikdə indiyədək 382,5 min fermerə 201,3 milyon manat subsidiya ödənilib. Bu vəsaitin 151 milyon manatı nağdsız hissədir. Fermerlər kartlarındakı nağdsız hissədən təchizatçılara POS-terminallar vasitəsilə ödəmə etməklə gübrə, pestisid, toxum və ting ala bilirlər. “Fermer Kartı”nın hazırlanması və saxlanması üzrə Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşı olan “Kapital Bank” ASC-nin məlumatına görə, fermerlər nağdlaşdırılmayan 75 milyon manat subsidiya vəsaiti ilə 77 təchizatçıdan təsərrüfatları üçün lazım olan istehsal vasitələri alıblar.
“Təchizatçılar öz məlumatlarını, anbarlarında olan məhsulları, satışları barədə informasiyanı EKTİS-də qeyd edirlər. Sistem onlara anbar qalıq və çıxış məlumatlarını tam izləməyə yardım edir. Yeni sistem bizə də subsidiyalardan istifadə edənləri müəyyənləşdirməyə imkan verir. İlin sonunda kartlardakı qalıqlar, təchizatçılardan alışların statistikasını çıxarmaqla biz subsidiyanın real istifadəçilərini, real və yaxşı təsərrüfatçıları təyin edə biləcəyik. Bu məlumatların təhlilindən sonra “Fermer Kartı”nda qalan nağdlaşdırılmamış hissənin növbəti ilə saxlanılıb-saxlanılmaması ilə bağlı qərar veriləcək”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.
Yeni subsidiya qaydalarına görə, vahid subsidiya sistemi təqdim edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təkcə fermerlər deyil, onlara xidmət göstərən təchizatçılar da qeydiyyatdan keçməlidirlər. Bu, təchizatçılara özlərini fermerlərə tanıtmaq və subsidiya hesabına gübrə, toxum, ting satmaq imkanı verir. Sistemdə qeydiyyatdan keçib öz satışlarını qeyd etməklə, təchizatçılar fermerlərə məhsulları və satış yerləri barədə məlumat vermiş olurlar.
Orxan