Newscenter.az.9.06.2020. Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Bunun nəticəsidir ki, pandemiyadan ölənlərin sayı da çoxalmaqda davam edir. Təəssüflər olsun ki, yoluxanlarla sağalanlar arasında ciddi fərq müşahidə olunur. Virusa yoluxanların sayının sağalanlara nisbətən artması pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin daha da sərtləşdirilməsini zəruri edib. Elə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" iyunun 4-də imzaladığı qərarını göstərmək olar. Həmin qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək (ötən həftənin şənbə və bazar günü - red) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Lakin bu qərar ictimaiyyətdə bimənalı qarşılanmayıb. Çünki bəziləri yalnız həftə sonları tətbiq olunan bu qadağanın nəticəsiz olduğunu düşünür. Bəs görəsən, sərt krantin rejiminin nəticəsi nə zaman bilinəcək?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev “Report”a açıqlamasında bildirib ki, COVID-19-un inkubasiya müddəti 7-14 gündür və iyun ayının ikinci yarısından sərt karantin rejiminin müəyyən nəticələrini görmək mümkün olacaq.
Onun sözlərinə görə, Azərbaycanda koronavirus analizlərinin nəticələri 3-5 gün arasında bilinir: “Bəzən nəticədə qeyri-dəqiqlik ola bilər. Bu zaman təkrar analiz götürülür. Hər halda sistem kifayət qədər uğurludur. Analiz götürülən şəxslərə də 3-5 gün ərazində məlumatlar verilir. Ümumiyyətlə, rejimin sərtləşdirilməsinin bir neçə mənada xeyiri var. Birincisi, insanların intizama dəvət olunması və məsuliyyət hissinin artırılmasıdır. Çünki insanlar evdə qaldıqdan sonra işə çıxanda bir müddət üzərlərində məsuliyyətin olduğunu hiss edirlər və yavaş-yavaş vərdişlərə yiyələnirlər. İkincisi, insanlar istirahət günləri daha çox sərbəst qalırlar və biryerə toplaşmağa meyilli olurlar. Digər tərəfdən də iki günlük sərt karantin rejimindən bir-iki həftə sonra onun müsbət nəticələrini görəcəyik. Bu təcrübədən dünyada eləcə də, qonşu Türkiyədə istifadə edilib və olduqca müsbət nəticələr əldə olunub".
"Düşünmürəm ki, şənbə və bazar günlərində tətbiq edilən qadağalar nəticəsiz qalsın".
Komitə sədri payız aylarında koronavirusa yoluxma hallarının artacağı ilə bağlı proqnozlara da münasibət bildirib: "Yaxşı olar ki, insanlarımız uzun müddət bu rejimdə yaşamağa vərdiş etsinlər. Çünki koronavirus hələ ki bizimlədir, vaksini yoxdur. Yəqin ki, ilin sonuna kimi onunla mübarizə aparmalı olacağıq. Xüsusən də, payız aylarında havanın soyuması, iqlimin dəyişməsi və insanların immunitetinin zəifləməsilə əlaqədar virusa yoluxma hallarının yenidən artması barədə müəyyən proqnozlar var. Bunun üçün payız aylarına qədər insanların virusdan qorunma vərdişləri və hazırlıqları artırılmalıdır. Bunun üçün də belə tədbirlərin aparılması əhəmiyyətlidir”.
M.Quliyev bildirib ki, insanlar indiki şəraitə uyğunlaşmalı, sosial məsafəni gözləməli və maskadan istifadə etmədirlər: “Ayrı yolumuz yoxdur. Əgər ölkə Prezidenti, Ali Baş Komandan bizə tövsiyələr verirsə, xəstəliklə mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıbsa, dövlət tərəfindən bu qədər işlər görülürsə, cəmiyyət də öz məsuliyyətini dərk etməlidir. Ona görə də mən düşünmürəm ki, şənbə və bazar günlərində tətbiq edilən qadağalar nəticəsiz qalsın. Əlbəttə ki, müsbət nəticə olacaq. Əgər bunun effekti zəif olarsa, yoluxma halları çox olan ayrı-ayrı lokal bölgələrdə karantinlər təşkil etmək olar. Hazırda da bəzi müəsissələrin bağlanması və insanların təcrid olunması prosesi gedir. Bu virus çox sürətlə yayıldığı üçün yay fəslində insanları izoliyasiya etmək mümkün deyil. Nəzərə alsaq ki, xaricdən də vətəndaşlarımız gəlir, onların yerləşdirilməsi və karantin şəraitində saxlanılması lazımdır. Dünya təcrübəsi də göstərdi ki, total izoliyasiya tədbirləri öz təsirini göstərir. Yenidən sərt karantin rejiminə dönmək də mümkündür. Hərçənd ki, insanlar üçün həm psixoloji, həm də fiziki baxımdan çox çətindir. Amma yoluxmalar belə davam edərsə, bu addım da atıla bilər”.