Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-da yaz imtahan sessiyası necə təşkil olunub?



Newscenter.az.10.06.2020. Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 1016 fənn üzrə imtahan verəcəklər. Belə ki, 623 (61%) fənnin imtahanı frontal sorğu şəklində, 393 (39%) fənnin imtahanı isə test formasında təşkil olunacaq. Bundan əlavə imtahanda bakalavriat səviyyəsi üzrə (I, II, III kurs) 3500 tələbənin, magistratura səviyyəsi üzrə isə (I kurs) 228 tələbənin iştirakı gözlənilir.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, imtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib. Mövcud vəziyyət və tələbələrin rəyləri nəzərə alınaraq imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları vaxtında hazırlanıb, Təhsil Nazirliyi ilə razılaşdırılaraq BMU-nun saytında (http://www.beu.edu.az/az/article/bmu-da-yaz-imtahan-sessiyasinin-kecirilmesi-ve-biliyin-qiymetlendirilmesi-qaydalari-423) yerləşdirilib. Tələbələrin imtahana qədərki semestrdaxili fəaliyyətlərdə əldə etdikləri qiymətlərin imtahan zamanı nəzərə alınması onlarda böyük ruh yüksəkliyinə səbəb olub və buna görə minnətdarlıqlarını ifadə ediblər.

Onlayn test formasında “Google Clasroom” platformasında keçirilən imtahanlar elektron yaddaşa yazılır. İmtahanda istifadə edilən test tapşırıqlarının aid olduğu mövzu və alt mövzular əvvəlcədən tələbələrə bildirilməklə, 50 test sualı üzrə aparılır və hər test 2 bal ilə (ümumilikdə 100 bal) qiymətləndirilir. Onlayn test formasında tələbələrə 90 dəqiqə vaxt ayrılır.

Onlayn frontal sorğu formasında təşkil olunan imtahanlar isə “Google Meet” və ya “Zoom” platformalarında keçirilərək elektron yaddaşa yazılır. Bu imtahanlarda müəllimlə yanaşı, kafedra tərəfindən bir nəfər assistent də iştirak edir. Frontal imtahan zamanı kafedra tərəfindən tələbələrə əvvəlcədən verilmiş 30 sual əsasında 3 sualdan ibarət imtahan bileti elektron sistem vasitəsilə avtomatik qaydada təyin olunur. Hər tələbəyə cavab vermək üçün 20 dəqiqə vaxt ayrılır. 5 nəfərlik qruplar şəklində təşkil olunan imtahan zamanı texniki səbəbdən canlı bağlantı kəsildiyi zaman fasilə müddətindən, tələbənin verdiyi cavabın əhatəsindən və s. vəziyyətlərdən asılı olaraq bağlantı bərpa olunduqdan sonra yenidən bilet seçilir.

R.Mehdiyeva
Xəbəri paylaş