Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizəyə ciddi dəstəkdir



Newscenter.az.11.06.2020. Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tibli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. İyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə daha üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir. İlk belə xəstəxana isə mayın 7-də paytaxtda istifadəyə verilib.

Daha altı kompleksin bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla da daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan 6 modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Açılışda çıxış edən ölkəmizin başçısı bildirib ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.

Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 20-dən çox laboratoriya mövcuddur.

Bunlarla bərabər, karantinə alınan xəstələrə də ciddi tibbi nəzarət həyata keçirilir. Hətta ən müasir klinikalarla bərabər, beşulduzlu otellər də koronavirusa yoluxmuş və karantinə alınmış xəstələrin ixtiyarına verilib. Bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır.

Ölkəmizin başçısının vurğuladığı kimi, Azərbaycanda koronavirusa qarşı aparılan geniş və səmərəli mübarizənin bir məqsədi var - insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək.

Sevindirici haldır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan pandemiya dövründə də əhalinin maddi sıxıntı çəkməməsi üçün də böyük işlər gördü.

Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Belə ki, 3,5 milyard manatlıq sosial-iqtisadi paketdə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi. Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi. 600 min insana 2 ay müddətində hər ay 190 manat maliyyə vəsaiti verildi. 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir. Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi. 29 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi. Tibbi ləvazimat, maska və qoruyucu kombinezonlar istehsal edən 2 zavod açıldı. Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar inşa edildi. Ölkədə heç bir sosial layihə təxirə salınmadı.

Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin növbəti təntənəsidir desək, heç də yanılmarıq. Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə də davam etdirilib.

Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş