Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Virus lənəti Paşinyanı addım-addım izləyir



Newscenter.az.11.06.2020. “Prezident İlham Əliyevin iyunun 9-da üç modul tipli xəstəxananın açılışında çıxışı zamanı Ermənistanla Azərbaycan arasında müqayisə aparması şahmat dili ilə desək, çox uğurlu gediş oldu”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bizi başqa ölkələrlə müqayisə etməyin tərəfdarı olmadığını bildirən dövlətimizin başçısı, eyni zamanda dünyada hər şeyin ancaq müqayisə ilə ölçüldüyünü də vurğuladı və bildirdi ki, “bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik:

“Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

Partiya sədri deyib ki, iki qonşu ölkədən birinin rəhbəri pandemiyanın fəsadları ilə uğurlu mübarizəyə görə öz vətəndaşlarından təşəkkür məktubları alır, digərinin rəhbərliyi isə lənət və ittihamlarla üzləşir:

“Amma bu da son deyil. Koronavirus Ermənistanı gerçəkdən də humanitar-tibbi fəlakətə doğru sürükləyir. Bir gündə (son sutka ərzində) 566 nəfərə koronavirus diaqnozunun qoyulması yaxınlaşan fəlakətdən xəbər verir. Beləliklə, düşmən ölkədə pandemiya böhranı siyasi böhrana çevrilməkdədir. Ermənistan hökumətinin koronavirusun fəsadları ilə səmərəli mübarizəni təşkil edə bilməməsi Nikol Paşinyanı çətin duruma salıb. Erməni politoloq Vigen Akopyanın qeyd etdiyi kimi, “əvvəllər yeganə güc mənbəyi cəmiyyət olan Ermənistan Baş naziri indi həm obyektiv, həm də subyektiv səbəblərə görə bu gücü itirir. Obyektiv səbəblər hökumətin səmərəsizliyi, infantilizmi və ona olan inamın kəskin şəkildə azalması, pandemiya səbəbi ilə baş verən böhrandır”. Paşinyanın təcrübəsizliyini və qeyri-adekvat, populist addımlar atmasının ağır nəticələrini də bura əlavə etsək, pandemiyanın Ermənistana həqiqətən də başa gələ biləcəyi şəksizdir. Pandemiyaya sadəcə, tez-tez populist çıxışlar etməklə qalib gəlmək mümkün deyil. Virus lənəti Paşinyanı addım-addım izləyir”.
Xəbəri paylaş