Newscenter.az.13.06.2020. Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayonu Q.Qarayev 2A ünvanında yerləşən Deputat Qərargahına vətəndaşlar tərəfindən birbaşa, telefon və sosial şəbəkələr vasitəsilə 822 sayda müraciət daxil olub.
Newscenter.az-a Deputat Qərargahından bildirilib ki, müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmayıb, o cümlədən Respublikamızın müxtəlif bölgələrindən və rayonlarından da daxil olub.
Tibbi müayinə və müalicələrə köməklik göstərilməsi ilə əlaqədar müraciətlərə baxılmış,onların əksəriyyətinə köməklik göstərilmiş, eyni zamanda “Modern Hospital” klinikası ilə birgə layihə həyata keçirilərək, pandemiya dövründə yataq xəstəsi və yaşı 65-dən yuxarı müayinəyə ehtiyacı olan insanlarımızdan 25 nəfərinin evdə müayinəsi təmin olunub.
Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən edilmiş müraciətlərə diqqətlə yanaşılıb, səlahiyyətlərimiz daxilində onların problemlərinin həllinə nail olunmuş, ərazidə yaşayan aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılıb.
Maddi yardım xahişləri ilə bağlı edilən 436 müraciət üzrə araşdırma aparılıb və son dərəcə ehtiyacı olan, pandemiya dövründə işini itirmiş, yaşı 65-dən yuxarı və tənha yaşayan, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməklə koronavirusa yoluxma riski yüksək olan kimsəsizlərə və aztəminatlı ailələrə ötən dövr ərzində dəfələrlə ərzaq yardımı göstərilib, 98 nəfərə isə birdəfəlik maddi yardım edilib.
Bundan başqa Nizami rayonunda fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının üzvlərinə, Çernobıl Cəmiyyəti üzvlərinə, Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvlərinə Novruz və Ramazan bayramlarında, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının üzvlərinə “Pasxa” bayramında ərzaq yardımı göstərilib.
Ümumilikdə hesabat verdiyimiz 3 ay ərzində 24 saylı Nizami birinci seçki dairəsinin ərazisində 2740 nəfər olmaqla ehtiyacı olan aztəminatlı ailələrə və cəmiyyət üzvlərinə ərzaq yardımı göstərilib, fərdi müraciətlər əsasında isə 98 nəfərə birdəfəlik maddi yardım edilib.
Bəzi müraciətlərin təmin edilməməsinin əsas səbəbi xahişlərin qeyri-real olmasıdır. Bunlara Bakı şəhərində mənzil alınmasına yardım, fərdi yaşayış evinin və obyekt tikintisi üçün torpaq sahəsinin ayrılması, ev tikilməsi, xarici ölkələrdə müalicə və s. kimi müraciətləri aid etmək olar.
Xüsusi karantin rejiminin yumşaldılmasından sonra aprel ayının əvvələrindən başlayaraq vətəndaşların qəbulu onlayn şəkildə və Deputat Qərarghaında həyata keçirilib.
Hesabat dövrü ərzində görüşlərin 2-si canlı olmaqla ümumilikdə 8 qəbul təşkil edilib və 108 vətəndaşımızın problemləri dinlənilib.
Vətəndaşların müraciətlərinə baxılarkən “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunub, daxil olmuş müraciətlərə mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxılıb, müraciətlərin aidiyyəti üzrə müvafiq strukturlara göndərilməsi, əsassız tələblərlə əlaqədar vətəndaşlara izahlar verilməsi təmin edilib.
Anar