Newscenter.az.13.06.2020. Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin, eləcə də bu qurumun Parlament Əməkdaşlığı Komitəsinin Cənubi Qafqaz ölkələri üzrə həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan dövlət sərhədləri çərçivəsində nizamlanması zərurətini təsdiqləyən birgə bəyanat qəbul etməsi heç şübhəsiz ki, problemin sülh yoluyla tənzimlənməsinin beynəlxalq hüquq aspektindən dəstəklənməsi kimi dəyərləndirilməlidir. Sözügedən bəyanatda eləcə də rəsmi İrəvanın işğal olunmuş Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun tikilməsi barədə qərarının kəskin tənqid edilməsi və “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsinin yer alması faktı da erməni işğalının beynəlxalq səviyyədə etiraf və mühakimə edilməsi deməkdir. Bu onu göstərir ki, artıq Avropa təsisatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeydsiz-şərtsiz qəbul edir və həm də qınayırlar.
Odur ki, bu bəyanatın Ermənistanda şok effekti yaratması tamamilə təbiidir. Avropa Parlamentinin bəyanatı Ermənistan rəhbərliyi üçün sözün həqiqi mənasında “soyuq duş” oldu. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədləri (yəni ərazi bütövlüyü) çərçivəsində həllinə çağırışın açıq şəkildə əks olunması Nikol Paşinyan və Zöhrab Mnasakanyan üçün diplomatik nokaut sayıla bilər. Çünki bu erməni cütlüyü indiyə qədər bütün açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin yalnız millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında həll oluna biləcəyini israrla vurğulayırdılar. Lakin reallıq isə bir daha hamıya məlum olan həqiqəti təsdiqlədi ki, beynəlxalq hüquq birmənalı olaraq hər zaman ərazi bütövlüyünün bərpası tələbi ilə çıxış edən Azərbaycanın tərəfindədir. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi illüziyalarla yaşamamalıdır. Paşinyan reallıq hissini itirməməlidir. Əks halda isə, Ermənistan bu gedişlə beynəlxalq birliyin etimadını tamamilə itirmiş bir ölkəyə çevriləcək.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri