Newscenter.az.15.06.2020. Azərbaycanda taxıl biçini davam edir. Bugünədək ölkə üzrə zəmilərin 21,9 faizində biçin başa çatıb,
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 221394,4 hektar sahədən 683225 ton məhsul yığılıb. Biçilmiş sahələrin 196432 hektarı arpa, 24962,4 hektarı buğda sahələridir. İyunun 15-nə olan operativ məlumata görə, respublika üzrə orta məhsuldarlıq 30,9 sent/ha, arpa üzrə 30,6 sent/ha, buğda üzrə 32,9 sent/ha təşkil edir.
Biçin prosesinə 1477 kombayn cəlb olunub. Bunlardan 535-i "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 141 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 801 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 90167 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 131227,4 ha sahə biçilib.
Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Hacıqabul, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir.
Biçin prosesi davam edir.
Orxan