Newscenter.az.15.06.2020 "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəhbərliyinin 22 May tarixində verdiyi məlumata görə, ölkəmizdə koronavirusa yoluxanların 18%-i tibb personalıdır, 4 həkim virusa yoluxma nəticəsində vəfat edib. Təəssüf ki, bu günə olan statistika daha da acınacaqlıdır, yoluxan həkimlərin sayı daha da çoxdur. Eyni zamanda, koronavirusa yoluxanların sayının çox olması həkimlərə tələbatı artırır, hazırda TƏBİB modul tipli xəstəxanalara tibb personalını işə dəvət edir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai deyib ki, belə bir şəraitdə həkimlərin sosial müdafiəsi məsələsi aktuallığını gündən-günə artırır:
"Pandemiyanın nə vaxt cilovlanması barədə hələki ürəkaçan bir proqnozların olmaması pandemiya və əlaqədar risklərdən sığortaya zərurəti dəfələrlə artırır və bunu günün bir nömrəli tələbinə çevirir. Artıq bir neçə həftədir ki, koronavirusla mübarizədə ön cəbhədə çalışan həkimlər və tibb personalı üçün həyat sığortası mexanizminin tətbiqi məsələsini gündəmə gətirməyə çalışıram. Təəssüf ki, 10 Aprel tarixində Agentliyə yönləndirdiyim sorğunun cavabını hələ də almamışam. TƏBİB əməkdaşlarının gərgin rejimdə işlədiklərini bildiyim üçün anlayışla qarşılayıram. Amma, mövzunun aktuallığını nəzərə alaraq yenidən TƏBİB-ə müraciət edirəm".
Deputat vurğulayıb ki, pandemiya dövründə icbari sığortanın təmin edilməsi üçün “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Qanununa pandemiyanın yeni risk kimi daxil olunması önəmlidir:
"Mövcud qanunda həkimlər və digər peşə sahələri üçün nəzərdə tutulan mexanizm uzun və bürokratik yolu nəzərdə tutur. Bu qanunu yeni vəziyyətə uyğunlaşdıraraq və ya yeni mexanizm təklif edərək həkimlərimizi qorumalıyıq".
Anar