Newscenter.az.17.06.2020. Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təlimlərdə BŞTİ-nin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 2500-dən çox ibtidai sinif müəllimi iştirak edib.
Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçirilib. İmtahanda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.
2019-2020-ci tədris ilində müxtəlif mövzular üzrə keçirilən ixtisasartırma təlimlərində ibtidai sinif və fənn müəllimlərindən ibarət 8000-dən çox təhsil işçisi iştirak edib.
Həmçinin BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində “Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlimlər təşkil edilib.
R.Mehdiyeva