Newscenter.az.17.06.2020. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əməkdaşları tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı başlanan cinayət işinin maddələri üzrə 10 ildən 14 ilədək cəza nəzərdə tutulub.
“Report” xəbər verir ki, qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işi başlanıb.
Bu maddələrdən ən ağır cəza xüsusilə külli miqdarda mənimsəmə cinayətinə görə 10 ildən 14 ilədək azalıqdan məhrumetmə nəzərdə tutulub və “Xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.
Qeyd edək ki, araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.
Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərsək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda prokurorluqdan bildirilib ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.