Newscenter.az.18.06.2020. “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən başladılması təklifi ilk baxışdan təklif kimi yaxşı səslənsə də, lakin o qədər də real görünmür. Çünki Ermənistan tərəfi danışıqlar prosesinə konstruktiv yanaşmır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, Paşinyan hökuməti bütün vasitələrlə "status-kvo" vəziyyətini qoruyub saxlamağa çalışır:
“Elə bu səbəbdən də münaqişənin "Madrid prinsipləri" çərçivəsində həllindən yayınmağa cəhd göstərir. Paşinyan mərhələli həll prinsipini Ermənistanın və Dağlıq Qarabağdakı xuntanın maraqlarına zidd hesab edir. Rəsmi Bakının münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli tələbi də hazırki Ermənistan hakimiyyəti tərəfindən "top-tüfəng"lə qarşılanır. Bir sözlə, Paşinyanın bu və ya digər qeyri-ciddi şərtlərlə çıxış etməsi, sülh danışıqlarının məzmununa zidd olan fikirlər səsləndirməsi münaqişənin həlli prosesinin "dalan"a dirənməsinə gətirib çıxarıb”.
Partiya sədri hesab edir ki, qoy beynəlxalq vasitəçilər əvvəlcə Ermənistan hakimiyyətinin qızışdırıcı bəyanatlarına, təxribatçı hərəkətlərinə biraz çəki-düzən versinlər, işğalçıya sərt xəbərdarlıqlar etsinlər, məhz bundan sonra rəsmi Bakı da danışıqlara başlamağın vacib olub-olmadığını gözdən keçirər:
“Çünki Azərbaycan danışıqlar xatirinə danışıqlar aparmağı səmərəsiz və perspektivsiz hesab edir”.
Anar