Newscenter.az.19.06.2020. 2021-ci ildə Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə İsrail hökuməti Azərbaycan Prezidenti İlham Əliyevi bu əlamətdar hadisəni qeyd etmək üçün öz ölkəsinə tarixi səfərə dəvət edib. Bu, İsrailin bir daha Azərbaycana, Prezident İlham Əliyevə olan dərin və yüksək ehtiramın, etimadın nümunəsidir.
İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə bağlı deyil, iki ölkə arasında əməkdaşlıq tarixən, mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma dayanır. Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim və sıx dostluq, qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir.
Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri ənənəvi tarixi- mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin bütün çətin dövrlərində qarşılıqlı anlaşma, tolerantlıq mühitində birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdiribdir. Yəhudilik ölkəmizdə tarixən dağ yəhudiləri ilə təmsil olunub.
Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə bir sıra ölkələrdə müşahidə olunan antisemitizm təzahürlərinə yer olmayıb. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edib, ölkə həyatının bütün sahələrində fəal iştirak ediblər. Onlar Azərbaycanın ictmia-siyasi, soisal-iqtisadi, elmi-mədəni və digər sahələrində fədakar əməyi ilə seçiliblər. Qarabağ döyüşlərində neçə qəhrəman yəhudi oğulları canlarını bu Vətən yolunda sipər edib, şəhidlik zirvəsinə yüksəlib. Qarabağ müharibəsində ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edən, şəhid Milli Qəhrəmanımız Albert Aqarunov Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.
Azərbaycanda yaşayan yəhidilər ölkəmizin inkişafı, uğurları üçün ləyaqətlə. Vicdanla, əsli Vətən övladı kimi əmək və güc sərf etmişlər. Onlar üçün bir amal olub- “Bu torpağın övladıyıqsa, burada yaşayırıqsa bu ölkənin hər bir vətəndaşı kimi bu Vətənə borcluyuq”. Bu ali keyfiyyətlər yəhudilərin torpağımıza, millətimizə tarixi bağlılılığının, dərin məhəbbətinin bariz nümunəsidir.
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri İsrail olmuşdur. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib.
Azərbaycan müstəqilliyin ilk günlərindən Ulu öndər Heydər Əliyevin müdriklə müəyyən etdiyi kursa uyğun olaraq bu gün də bütün tərəfdaş dövlətlərlə müstəqil, balanslaşdırılmış, özünün milli maraqlarına və mənafeyinə uyğun qətiyyətli siyasət yürüdür. İsrail ilə də münasibətlərimiz də bu prinsiplərə əsaslanır, qarşılıqlı və faydalı əməkdaşlıq, mehriban dostluq ruhunda inkişaf etməkdədir. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və Ümummilli lider Heydər Əliyevlə görüşü ikitərəfli münasibətlərə yeni nəfəs verdi. Bunun ardınca, 2009-cu ilin may ayında Təl-Əvivdə Azərbaycan- İsrail Biznes-forumunin keçirilməsi, 2009-cu ilin iyun ayında isə İsrail Prezidenti Şımon Peresin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə start verdi. İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində səfər baş tudu. Sonrakı illərdə dövlət və hökumət başçıları arasında görüşlər ənənə halını aldı. 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə yeni hərarət verdi. Son illərdə siyasi və iqtisadi təmaslar münasibətlərin strateji ruhunu dada da möhkəmləndirir.
Bu gün beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrdən İsrailin fəallığı xüsusilə seşilir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda görüşləri zamanı yəhudi icmasının üzvləri ilə görüşləri, aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə səmərəli və yaddaqalan müzakirələri münasibətlərin inkişafına daha da güclü stimul verib. Dövlətimizin başçısı dəfələrlər Bakıda Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərlərini qəbul edib və bu cür görüşlər əlaqələrimizə impulslar veribdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ABŞ-a səfəri zamanı yəhidi icması, yəhudi milli təşkilatlarının və Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri ilə faydalı görüş və müzakirələri də əlaqələrin dinamikasına təhfə verib.
Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amillərdən biri yəhudi diasporunun Azərbaycanla bağlı fəaliyyətidir. Yəhudi lobbisi hər zaman beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə edibdir. Erməni təxribatı sayəsində ABŞ konqresində qəbul olunmuş məlum “907-ci düzəliş”in dondurulmasında da Amerikanın yəhudi lobbisi də mühüm rol oynayıbdır. Əbəs yerə deyil ki, Azərbaycan ölkəmizdən İsrailə gedən yəhudiləri “Azərbaycan diasporu” adlandırır.
Azərbaycanla İsrailin strateji dostluğunun ilbəil güclənməsindən ən çox narahat olan ölkə işğalçı Ermənistandır. Davamlı olaraq İsrail beynəlxalq təşkilatlarda, qlobal forumlarda və tədbirlərdə Ermənistanın işğalçılıq siyasətinə kəskin etirazını bildirib, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu gün də İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistan– Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır.
Yəhudi lobbisi dəfələrlə Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı Ermənistanın terrorizmini pisləyən bəyanatlar səsləndiriblər. Buna görə də ermənilər hər zaman onlara qarşı müxtəlif təxribatlar hazırlamağa cəhd edib.
Ermənistan iki ölkə və xalq arasında sıx, yaxın və tarixi əlaqələrdən qorxuya düşür. Xüsusilə də, hərbi müdafiə texnologiyaları sahəsində güclü əməkdaşlıq, İsrailin ən müasir hərbi texnikalarının Azərbaycana verməsi bədnam işğalçı ölkəni təşvişə salır.
İsrail və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq telləri təkcə ərəb–müsəlman dünyası üçün deyil, dünya ölkələrinin əksəriyyəti üçün də həqiqi modeldir. Respublikamızda Azərbaycan–İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi gentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər – iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd isə Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Bütün bunlar tolerantlığın, birgəyaşayışın, insanpərvərliyin örnəkverici və qürurverici formasıdır.
Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında əlaqələr ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir.
Vaqif Abdullayev-siyali elmlər doktoru, professor