Newscenter.az.19.06.2020. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişaf edən münasibətləri var. Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb. Həmçinin Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivi var.
Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq edir. 2009-cu ildə əsası qoyulan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığının altı üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub, hətta Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda lider mövqeyə yüksəlib. Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı sammitlərində də Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü.
Həm dünya, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti gördü ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyan növbəti dəfə özünü necə ifşa etdi. Ermənistanın baş naziri bir daha özünün siyasətə nə qədər yad biri olduğunu isbatladı. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü ifşa edirdi. Məsələn, onun Sammitdəki çıxışı Paşinyanın dil biliyinin səviyyəsini göstərirdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi, keçdi ermənicə danışmağa. Bununla yanaşı, Paşinyan erməni xislətinə uyğun olaraq, yenidən dilənmək taktikasına üstünlük verdi və Avropa İttifaqından yardım almağa çalışdı. Bu məqamdan bir daha görünürdü ki, Ermənistan dünyanın 29 ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanın yanında nə qədər aciz və cılızdır. Paşinyan replikası zamanı isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi iflasa uğradı və daha bir erməni yalanının üstünü açmış oldu. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi.
Videokonfrans şəklində keçirilən Sammitdə Paşinyanın ekran qarşısında maska ilə oturması isə ayrıca bir biabırçılıq mövzusudur.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı