Newscenter.az.19.06.2020. Hazırda beynəlxalq aləmdə mürəkkəb geosiyasi proseslərin getdiyinə, münaqişələrin və qarşıdurmaların alovlanmasına baxmayaraq, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla münasibətlərini getdikcə yaxşılaşdırır. Ölkəmizdə gedən uğurlu demokratik proseslər, insan hüquq və azadlıqlarının müdafiəsi, azad söz və müstəqil mətbuatın inkişafına yaradılan şərait, habelə seçkilərdə şəffaflığın təmin olunması beynəlxalq aləmin diqqətindən yayınmır. Azərbaycan üzv olduğu beynəlxalq qurumlarla əlaqələrin inkişafına həmişə böyük önəm verib və bu gün də eyni mövqedə qalır. Məhz bu amillər beynəlxalq aləmin ölkəmizə olan marağını daha da artırır. Təbii ki, oxşar fikirləri qarşı tərəflərin hamısı haqqında demək mümkün deyil. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri odur ki, Azərbaycan postsovet dövlətləri ilə müqayisədə sürətlə inkişaf edib, dünyada yüksək tribuna qazanaraq, söz sahibinə çevrilib, nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi edib. Son illər respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlər də Azərbaycanın yüksək reytinq sahibi olmasından xəbər verir. Bütün bunlardan sonra respublikamıza qarşı qısqanclıq hisslərinin baş qaldırması, antiazərbaycan qüvvələrin təzyiq və təhdidləri başadüşüləndir. Ancaq dövlət başçımızın məqsədyönlü siyasi kursu bu hücumların qarşısını alır, ölkəmiz inkişaf tempini saxlayır, demokratik proseslərə öz dəyərli töhfələrini verməkdə davam edir.
Bu gün Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir.
Uğurlu xarici siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini xarici siyasətlərinin prioritet istiqamətləri hesab edirlər. Belə vəziyyətdən məharətlə istifadə edən Azərbaycanın milli maraqları çərçivəsində atdığı addımlar onun ümumilikdə Avroatlantik məkana, buraya daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrini möhkəmləndirməkdədir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsilə baş tutan fövqəladə Zirvə görüşü, may ayının 15-də CISCO şirkətinin təşəbbüsü ilə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələrinin iştirakı ilə keçirilən videokonfrans və pandemiya dövründə xarici ölkələrlə əməkdaşlıq, dəstək və həmrəyliyin nümayiş olunması ölkəmizin dünya birliyində nüfuz sahibi kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir göstərir.
İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin münaqişənin həlli istiqamətində növbəti qələbəsi kimi qeyd olunmalıdır. Bildiyimiz kimi, “Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təklifindən sonra söz alan Prezident İlham Əliyev çıxışında Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsi olduğunu, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı. Həmçinin ölkə başçısı öz çıxışında 30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşayan Azərbaycanın sosial-iqtisadi inkişafından söz açaraq, işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etdiyini diqqətə çatdırdı.
Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bir daha vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın əsassız və gülüş doğuran faktlarla replikasına münasibət bildirən Prezident İlham Əliyev yenidən söz alaraq çıxış etdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”.
Amma erməni nazirin yalanını bir beynəlxalq tədbirdə üzünə vuranda onun effekti tam fərqli olur. Dünənki videokonfrans da bu səbəbdən yaddaqalan oldu. Yeri gəlmişkən, Ermənistandakı siyasi etirazlar Paşinyanın başında çatlayacaq istiqamətdə inkişaf edir. Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.
Bir daha qeyd edim ki, Paşinyanın dünən axşam “Şərq Tərəfdaşlığı” sammitində yenidən danışması və Prezident İlham Əliyevin ona “yerinə göstərməsi” yuxarıda qeyd etdiyim səviyyə fərqini bir daha ortaya qoydu. Paşinyan və ondan əvvəlki “yan”lar başıpozuq terrorçu dəstələrdən fərqlənmirlər. Prezident İlham Əliyevin qətiyyəti sayəsində N. Paşinyan da Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan kimi Avropanın ən yüksək tribunasından Qarabağda qanımızı tökdüklərini etiraf edəcək.
Anar Məmmədov-Milli Məclisin deputatı