Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentindən yeni qətnamə-Qarabağ Azərbaycandır!



Newscenter.az.21.06.2020. Avropa Parlamenti iyunun 19-da qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünə xüsusi dəstəyi ifadə edən müddəa öz əksini tapıb. Təşkilatın bu qətnaməsi işğal olunmuş torpaqıarın zor gücünə saxlanması siyasətini kəskin şəkildə pisləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsiplərini təsdiq və təsbit edir. Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bu sənəd Azərbaycan-Avropa münasibətlərinin fundamental prinsipləri olan sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü kimi məsələləri tam şəkildə əks etdirməklə, “Şərq Tərəfdaşlığı”nda yaxın strateji tərəfdaş olan Azərbaycanla bağlı Avropa İttifaqının yekun və konkret \mövqeyinin ifadəsi hesab edilə bilər.

Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edən bu sənəd Ermənistanın işğalçılıq siyasətinə verilən növbəti hüquqi-siyasi qiymətdir. Avropa Parlamenti və Avropa İttifaqının birgə mövqeyi Cənubi Qafqaz regionundakı üç dövlətin ərazi bütövlüyünün dəstəklənməsindən ibarətdir, bu baxımdan Daqlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi olması beynəlxalq hüquqi-siyasi qiymətini alır və ermənilərin “öz müqəddəratını təyin etmə” niyyətlərini tamamilə alt-üst edir.

Avropa Parlamentinin 19 iyun qətnaməsi açıq-aşkar Ermənistanı təcavüzkar və işğalçı dövlət olmasını təsdiləyir və Azərbaycanın ərazisinin işğalının yolverilməz olması bildirilir, münaqişənin sülh yolu ilə beynəlxalq səviyyədə ölkəmizin tanınmış sərhədlərinin təmin edilməsinə çağırış ifadə olunur.
Avropa Parlamentinin qətnaməsində ən mühüm siyasi məqamlardan biri Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı iştirakçıları olan ölkələrlə əməkdaşlığın yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, həmin ölkələrin suverenliyini, ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsipləri əsasında aparılacağı bəyan edilməsidir.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Avropa Parlamenti Ermənistanın işğal etdiyi torpaqları özününküləşdirmək cəhdlərinə qarşı da bəyanat qəbul etmişdi. Həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişi işğalçı ölkə tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətin bir hissəsi kimi qiymətləndirilmiş və təcavüzkar ölkənin bu hərəkətləri Avropa Parlamenti tərəfindən kəskin pislənmişdi.

Beləliklə, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin qətiyyətli diplomatiyası sayəsində Avropa strukturları – Avropa Parlamenti və Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq daha da inkişaf etməkdə, ölkəmizin haqq səsi, ədalətli mövqeyi dəstəklənməkdədir. Qeyd edək ki, iyunun 18-də Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasına toxunulub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı faydalı müzakirələr zamanı respublikamızın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olması xüsusu vurğulanıb.

Hazırda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni mərhələnin başlanğıcı qoyulub və ikitərəfli əlaqələrin yeni formatları yaradılır, Aİ-nin 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Ölkəmiz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindədir. 2 il əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” adlı imzalanmış sənəddə açıq şəkildə müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri öz əksini tapıbdır. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Ermənistan və Azərbaycan arasında olan münaqişə Aİ-nin fundamental sənədlərində, o cümlədən “Tərəfdaşlıq Prioritetləri” sənədində göstərildiyi eyni prinsiplər əsasında həll edilməlidir.

Bu məsələdə artıq məğlub olduğunu yaxşı anlayan Ermənistan isə məyus olur və yenə də təxribatlara əl atmağa çalışır. Bunu iyunun 18-dəki videokonfransda da gördük. Ermənistanın baş naziri Nikol Paşinyanın təxribat və yalanları Azərbaycan Prezidenti tərəfindən ifşa edildi. Prezident İlham Əliyev həmişə olduğu kimi bu dəfə də hücum diplomatiyasına üstünlük verdi, konkret faktlarla, tutarlı sübutlarla erməni terrorizminin simasını təqdim etdi, Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Ermənistanın faşizm ənənələrinə söykənən terrorçu mahiyyəti, dövlət siyasəti dünyaya, Avropaya, Avropa İttifaqı ölkələrinə təhdiddir. Tibbi maska taxan Ermənistanın baş nazirinin əsil maskası yırtıldı və xəstə siması, təfəkkürü nümayiş olundu. Paşinyan hər dəfə belə saxtakarlıqlara əl atanda beynəlxalq ictimaiyyət qarşısında layiqli dərsini alır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş