Newscenter.az.21.06.2020. Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 17-18 yaşlı şəxsin bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılıb.
Belə ki, iyunun 20-də saat 2 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və daxilə keçən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.