Newscenter.az.25.06.2020. Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi.
O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması ulu öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005-ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
Son 17 ildə ölkədə aparılan ardıcıl islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan və yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir. Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!
Anar Məmmədov
Milli Məclisin deputatı