Newscenter.az.25.06.2020. Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Nailiyyətlər və İmkanlar” adlı beynəlxalq vebinar keçirilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, vebinarda Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua fəxri qonaq qismində, CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri, Pakistanın ölkəmizdəki hərbi attaşesi polkovnik Nadim Çoudri, CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı Hərbi Attaşe Aparatı üzvləri, eləcə də Azərbaycan və Pakistan hərbçiləri, ekspertləri və müxtəlif ölkələrin Pakistanda akkreditə olunmuş hərbi attaşeləri iştirak ediblər.
Vebinarda çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən söz açıb, ikitərəfli hərbi əməkdaşlığın uğurlarından və iki ölkə arasında hərbi sahədə münasibətlərin dinamik inkişaf perspektivlərindən danışıblar.
Tədbirdə çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışaraq vebinar iştirakçılarına Ordumuzun qazandığı nailiyyətlər barədə geniş məlumat verib.
Ölkəmizin Pakistandakı səfirliyi adından iştirakçıları salamlayan səfir Əli Əlizadə iki qardaş xalqın iradəsini əks etdirən möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduqlarını bildirib, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən birinin hərbi, müdafiə, təhlükəsizlik və strateji tərəfdaşlıq olduğunu vurğulayıb. Hər iki ölkə rəhbərlərinin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq əməkdaşlığın bütün sahələrində yüksəlişin olduğunu qeyd edən səfir tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Vebinarda Azərbaycan Silahlı Qüvvələri haqqında video da nümayiş etdirilib, həmçinin iştirakçıların mövzu ilə bağlı fikir və təəssüratları dinlənilib və sualları cavablandırılıb.