Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib



Newscenter.az.25.06.2020. "Mən sizi və ordumuzun bütün şəxsi heyətini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Bayram günü ərəfəsində yeni hərbi hissənin açılışını qeyd edirik. Mən vəziyyətlə tanış oldum, əvvəlki vəziyyət haqqında da mənə məruzə edildi. Əlbəttə ki, yeni tikilmiş hərbi hissə bütün yüksək standartlara cavab verir".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanl bildirib.

Dövlət başçısı deyib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: "Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım–iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir".

"Onu da bildirməliyəm ki, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu da təbiidir", - Prezident İlham Əliyev vurğulayıb.
Xəbəri paylaş