Newscenter.az.25.06.2020. Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmamazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş peşəkar hərbi kadrların çatışmamazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesində fasilə yaranmış, yalnız II Dünya müharibəsinin başlaması ilə əlaqədar azərbaycanlılardan ibarət bir neçə Milli Atıcı diviziyaların yaradılması ilə milli ordu anlayışı davam etdirilmişdir.
Heç kəsə sirr deyil ki, 1941-1945-ci illərdə faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da çox böyük töhfəsi və rolu olub. Xalqımız bu qələbə üçün özünün 600 minə yaxın oğul və qızını cəbhəyə yola salmış, onların da yarıdan çoxu həlak olmuşdur. Azərbaycan döyüşçüləri qəhramanlıqla vuruşaraq faşizm üzərində qələbənin qazanılmasına öz layiqli töhfələrini vermişlər.
Azərbaycan xalqının qəhraman oğulları Həzi Aslanov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Hüseynbala Əliyev, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov və başqaları II Dünya müharibəsi illərində unudulmaz qəhramanlıqlar göstərmişlər. Onlar Moskva, Stalinqrad, Krım, Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar. 170 mindən çox soydaşımızın müxtəlif növ orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhramanı adına layiq görülməsi onların şanlı döyüş yolu keçdiyinə bariz nümunədir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Dağlıq Qarabağ muharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Orduya çağırış və fərrarilik halları ilə bağlı bütün problemlər həll edildi.Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı. Beləliklə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Məhz Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 saylı 8 illik internat məktəbinin adı dəyişdirilərək Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Daha sonra Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Ötən müddət ərzində istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi
qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi. Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanılacağına təminat verir. Ordu sahəsində böyük islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah növləri ilə təchiz edilir. Bu baxımdan Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji addımlardan sayılır.
Bu gün müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.
Aprel döyüşləri, eyni zamanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin 11 min hektar ərazini ermənilərdən azad etməsi Azərbaycan Ordusunun gücünü göstərmiş oldu. Təsadüfi deyil ki, 2020-ci ildə "Global Fire Power" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "Dünyanın ən güclü ordusu" reytinqində 64-cü yerdə qərarlaşıb.
2018-ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə təşkil edilmiş paradda müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunması Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdi. Bir daha sübut olundu ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.
Ordumuzun, xalqımızın düşmən üzərinə zəfər yürüşünə çıxacağı və üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb. Bəli, Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı