Newscenter.az.26.06.2020. “Qoyunçuluqda dəyər zəncirinin inkişafı problemləri və perspektivləri” mövzusu ətrafında müzakirələr aparmaq üçün vebinar baş tutub. Newscenter.az-a daxil olan məlumata görə, vebinar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramı “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Vebinarda layihənin maraqlı tərəfləri, dövlət qurumları, özəl şirkətlərdən nümayəndələr, ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Tədbirdə eləcə də layihənin pilot rayonlarından olan fermerlər, Kənd Təsərrüfatı Nazirliyinin Nümayəndələri, DAİM rəhbərləri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Aqrar Universitetin də bir sıra əməkdaşları müzakirələrə qoşulub.
Qeyd edək ki, kənd təsərrüfatında qoyunçuq sahəsinin davamlı inkişafına yönəlik hazırki layihəsu sahədə müvafiq dövlət strategiyasının və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində müəyyən edilmiş nəticələrin əldə edilməsinə köməklik məqsədi daşıyır. Keçirilən görüş zamanı qoyunçuluq sahəsində müxtəlif dəyər zəncirlərinə (qoyun əti, qoyun südü və qoyun yunu) malik üç fərqli pilot sahə müəyyən edildiyi vurğulanaraq, hər pilot sahədə aid dəyər zənciri üzrə aparılmış qiymətləndirmə iştirakçılara təqdim edilmişdir. Vebinarda həmçinin layihə çərçivəsində “Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı - 2025-ci ilə baxış” adlı hesabatının müzakirəsi baş tutub.
Görüşdə FAO-Azərbaycan Tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin rəhbəri Esmira Lətifova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Zakir Əzimov mütəxəssis qismində çıxış edərək qoyunçuluq sahəsində mövcud olan məsələlərə toxunublar. "Ölkədə yun təsnifatında ciddi problemlər müşahidə olunur, əsasən ətlik istiqaməti üzrə bunu vurğulamaq olar, qaba və yarımqaba yunlu qoyunlar üstünlük təşkil edir. Həmçinin, yerli qoyun cinslərinin itirilməsi təhlükəsi də mövcuddur və bu səbəbdən bu tip cinslərin təkmilləşdirilməsi kortəbii şəkildə deyil, elmi əsaslarla aparılmalıdır."-deyə Esmira Lətifova öz çıxışında qeyd edib. Görüş daha sonra iştirakçıların açıq müzakirəsi formasında davam edib.
Anar